Bakı. Trend:
2023–2024-cü illərdə “Uzbekistan GTL” zavodu təxminən 300 min ton dizel yanacağı ixrac edib ki, bunun 200 min tonu Avropa ölkələrinə Orta Dəhliz vasitəsilə göndərilib.
Trend xəbər verir ki, bunu “Uzbekistan GTL”nin satış şöbəsinin mütəxəssisi Bəxtiyar Aybergenov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışında deyib.
“Azərbaycan ilə Özbəkistan arasında əldə olunan razılaşmalar sayəsində Orta Dəhlizdən istifadə icazəsi verildi və bizim Uzbekistan GTL zavodumuz dizel yanacağını Avropa və ABŞ ölkələrinə Orta Dəhliz vasitəsilə ixrac etməyə başladı”, – deyə o bildirib.
Aybergenov qeyd edib ki, hesabat dövründə 200 min ton neft ixrac edilib. Zavod hesabat dövrü ərzində 250 milyon dollar gəlir gətirib.
O həmçinin əlavə edib ki, “Uzbekistan GTL” zavodunda istehsala başlanılan vaxt dizel yanacağının yerli bazarda qiyməti tonuna 1450–1500 dollar təşkil edirdi:
"İkinci xəttin işə düşməsi və zavodun tam gücü ilə fəaliyyətə başlamasından sonra qiymət düşməyə başladı. Bununla belə, azalma dövlət tənzimləməsi hesabına deyil, bazar qanunlarına uyğun olaraq təbii şəkildə baş verib. Bu gün dizel yanacağının qiyməti təxminən bir tonuna 920–950 dollar səviyyəsindədir", - deyə Bəxtiyar Aybergenov bildirib.