...

"Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2025 09:26 (UTC +04:00)
"Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Fondu və Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı, İSESCO-nun dəstəyi ilə keçirilən “Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı” çərçivəsində Bakının qədim hissəsi – İçərişəhərdə maraqlı performanslar təqdim olunub.

Trend xəbər verir ki, əvvəlcə XV əsrə aid görkəmli orta əsr Azərbaycan memarlığı və dekorativ sənət abidəsi – Seyid Yəhya Bakuvi məqbərəsi önündə, Şirvanşahlar Sarayı kompleksinin həyətində, İçərişəhərin qədim divarları fonunda Nəsiminin “Məst” qəsidəsinin motivləri əsasında hazırlanmış “Məst-i Dərviş” tamaşası nümayiş etdirilib. Ssenari müəllifi – şair, yazıçı İlqar Fəhmi, quruluşçu rejissor, baş rolun ifaçısı və sintez musiqinin müəllifi isə Əməkdar artist Bəhruz Vaqifoğludur.

Bir saat ərzində qədim şəhərin dar küçələri və divarları sanki şairin nəfəsi ilə doldu: Nəsiminin insanı Yaradanın zərrəsi, onun dünyadakı özünəməxsus yeri və bu həyata gəliş missiyası barədə fəlsəfəsinin əks olunduğu qəzəllər səsləndi. Möhtəşəm premyera tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

“Heydər Əliyev Fondu bir çox ədəbi, musiqili, teatr tədbirləri həyata keçirir, amma “Nəsimi” festivalı böyük şairin qədim irsinin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu qəsidə əslində çox az tanınır, demək olar ki, heç yerdə rast gəlinmir. Xalq artistimiz Cahangir Novruzov onu tapdı və səhnə formasında təqdim etməyi təklif etdi. İlqar Fəhminin yazdığı mətndən istifadə edərək, Dövlət Pantomima Teatrının aktyorlarının iştirakı ilə biz bu tamaşanı yaratdıq. Əslində bu sadəcə tamaşa deyil – daha çox ritual hərəkəti, ruhani performansdır”,- deyə Bəhruz Vaqifoğlu bildirib.

Sonra Bayıl daşları adlandırılan ərazidə “Eşq-i nur” layihəsinin təqdimatı keçirilib. Bu mistik səyahət üç ideya üzərində qurulub – eşq, nur və nişanə. Layihənin əsasında təsviri sənət nümunələri, canlı ekspozisiyalar və iyirmidən çox gənc rəssam tərəfindən yaradılmış multimediya installasiyaları dayanır. Burada eşq sadəcə hiss və ya emosiya kimi deyil, mənəvi missiya, varlığın əsasını təşkil edən ilahi cazibə kimi təqdim olunub. Layihənin müəllifi və kuratoru – Əməkdar rəssam Sabina Şıxlınskayadır.

Təqdimatlar silsiləsi xoreoqraf Lenay Seyidalızadənin “Sözün ifşası” əsəri ilə davam edib. Bu əsərdə həqiqəti öz bədənində daşıyan insan haqqında bəhs olunur: onun dərisi soyula bilər, amma sözü qalır.

Nəzirin Məmmədova isə Nəsimi qəzəllərini muğam və elektron musiqi ilə sintez edərək təqdim edib.

Qeyd edək ki, “Nəsimi” festivalının bağlanışı “Atəşgah” tarix-memarlıq qoruğunda baş tutacaq. Burada “Savalan” qrupu böyük şair Nəsiminin irsinə həsr olunmuş mənəvi-mistik musiqi-ədəbi axşamı tamaşaçılara təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti