Bakı. Trend:
Amerika qəhvəxanaları şəbəkəsi Starbucks 400 mağazanın bağlandığını və 900 nəfərin işdən çıxarıldığını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə şirkətin baş direktoru Brayan Nikkolun bəyanatına istinadən CNN məlumat yayıb.
Nəşrin yazdığına görə, bağlanacaq mağazalar Starbucks-ın ümumi sayının təxminən 1%-ni təşkil edir. İyunun sonunda Şimali Amerikada 18 734 mağazası olan şirkət sentyabrın sonuna qədər bu rəqəmin 18 300-ə enəcəyini bildirib.
Nikkolun sözlərinə görə, qəhvəxanalar “sosial həyatın qovşaqlarıdır və onlardan hər hansı birini bağlamaq çətindir”. Telekanal qeyd edir ki, bağlanmalar əsasən səmərəliliyi aşağı olan müəssisələrə aiddir.
Mağazaların bağlanması ilə yanaşı, Starbucks əlavə 900 iş yerinin ixtisarını elan edib. Şirkət bildirib ki, təsirə məruz qalan işçilərə müavinətlər və müxtəlif dəstək tədbirləri təqdim olunacaq, həmçinin hazırda mövcud olan vakansiyalar doldurulacaq.