...

Azərbaycanda "yaşıl hidrogen"in maya dəyəri qiymətləndirilib

İqtisadiyyat Materials 26 Sentyabr 2025 10:23 (UTC +04:00)
Azərbaycanda "yaşıl hidrogen"in maya dəyəri qiymətləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda "yaşıl hidrogen"in maya dəyəri LCOE-su (enerji vahidinin maya dəyəri) kiloqramı 3 avro olaraq qiymətləndirilib.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə məlumat verib.

O, qeyd edib ki, Azərbaycana Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) dəstək göstərib və hidrogen iqtisadiyyatı üzrə tədqiqat aparılıb: "Bu, "Worley Consulting Group" ilə bir il davam edən araşdırma idi və LCOE (enerji vahidinin maya dəyəri) üzrə maraqlı nəticələr əldə olundu. Araşdırmanın tam hesabatı dərc edilmədi, lakin xülasəsi veb səhifəmizdə yerləşdirildi. Hesabatda yaşıl hidrogenin LCOE-si təxminən kiloqramı 3 avro olaraq qiymətləndirilib. Bu, kifayət qədər rəqabətədavamlı görünür. Lakin nəticələr hələ tam əsaslı deyil. Çünki bizim fikrimizcə, bütün resurslar üzrə aydın baxış formalaşdırmaq lazımdır. Araşdırma göstərdi ki, mavi hidrogen yaşıl hidrogendən bir qədər ucuz ola bilər. Ancaq Avropada mavi hidrogenlə bağlı tənzimləmə hələ formalaşmayıb".

Agentlik rəsmisi vurğulayıb ki, əslində, Azərbaycan illərdir hidrogen istehsalçısıdır: "Neft-qaz sənayesi inkişaf etmiş ölkə kimi biz “boz hidrogen” istehsalını və onun təhlükəsizlik qaydalarını yaxşı bilirik. Amma karbonun tutulması və saxlanması (CCS), yaxud karbonun tutulması, istifadəsi və saxlanması (CCUS) üzrə əlavə tədqiqatlara ehtiyac var. Burada da Azərbaycan üçün yaxşı baza mövcuddur. Çünki bizdə tükənmiş yataqlar var, onların tutumunu Norveçin etdiyi kimi istifadə etmək olar. Bundan başqa, mövcud boru xətləri də var və onların karbon tutma və saxlanma məqsədilə yenilənməsi vacibdir.

Avropanın dekarbonizasiya hədəfləri var. Buna görə də onlar bütün innovativ texnologiyalardan istifadə imkanlarını nəzərdən keçirirlər. Hətta neft-qaz şirkətləri üçün karbon tutma və saxlama texnologiyalarından istifadənin məcburi olacağı barədə də danışılır. Azərbaycan isə inkişaf etməkdə olan, neft-qaz əsaslı ölkədir. Təbii ki, bizim aktivlərimiz mövcuddur. Digər tərəfdən, təbii qaz Azərbaycanda kifayət qədər ucuzdur. Ona görə də sosial təsirləri, dövlətin maraqlarını və digər amilləri nəzərə almaq çox vacibdir.
Araşdırmada həm də su məsələsinə toxunduq".

Azərbaycanda su ilə bağlı ciddi problemlərin olduğunu diqqətə çatdıran agentlik rəsmisi qeyd edib ki, nəticələrə əsasən, hidrogen istehsalı üçün Xəzər dənizinin suyundan istifadə etmək olar: "Bu su duzlu deyil, yarı-duzludur, amma yenə də təmizlənməlidir ki, bu da əlavə xərc deməkdir. Digər tərəfdən, tullantıların Xəzərə atılması da ekoloji problem yarada bilər. Onsuz da Xəzər dənizində səviyyə ildən-ilə azalır və bu, biomüxtəlifliyə zərər vurur. Buna görə də çox ehtiyatlı davranmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti