Bakı. Trend:
Qlobal gündəmdə enerji keçidi artıq şüar deyil, sərt iqtisadi zərurətə çevrilib. Bu reallıq ölkələrin və regionların mövqelərini kökündən dəyişir. Hidrokarbon ehtiyatlarının tək başına dəyər ölçüsü olduğu dövr geridə qalır. Səhnəyə xammal deyil, hazır, təmiz enerji təklif edə bilən, yeni enerji dəhlizlərinin qovşağına çevrilmək gücündə olan ölkələr çıxır. Bu mənada Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin imkanlarının strateji ittifaqı Avrasiya məkanında yeni geo-iqtisadi gerçəklik formalaşdırır.
Azərbaycan tükənənlərlə yanaşı, nəhəng bərpa olunan resurslara sahibdir və enerji siyasətini neft ənənələrinin varisinə yaraşan soyuq, praqmatik hesabla qurur. Bakıda keçirilən “Yaşıl Energetika Həftəsi 2025” çərçivəsində səslənən rəsmi bəyanatlar niyyət deklorasiyası deyil, konkret layihələr, müddətlər və güclərlə dəstəklənmiş ətraflı yol xəritəsidir.
Azad olunmuş torpaqlar bu gün yalnız ədalətin bərpasının simvolu deyil, həm də gələcəyin poliqonudur. Dağıdılmış şəhərlərin və kəndlərin xarabalıqları üzərində sadəcə yeni həyat qurulmur - regionda analoqu olmayan yaşıl inkişaf modeli formalaşır. Məqsəd odur ki, Qarabağ və Şərqi Zəngəzur özünü və bütün ölkəni günəş, külək və su enerjisi ilə təmin etsin və bununla ekoloji gələcəyin mərkəzinə çevrilsin.
Hələ 2021-ci ildə Azərbaycanın dövlət başçısı İlham Əliyevin xüsusi sərəncamı qəbul edildi və Yaponiya şirkəti TEPSCO ilə birlikdə yaşıl enerjinin həmin ərazilərə necə daxil olacağını detallı göstərən sənəd hazırlandı. Söhbət yalnız elektrik stansiyalarının tikintisindən getmir. Planlarda bütöv bir sistem var: evlərin damlarında günəş panelləri, küçələrdə LED işıqlar, yollarda elektromobillər, “ağıllı” enerji idarəetməsi və hətta tullantılardan istilik və elektrik istehsalı.
Azərbaycan həmin il Qlazqoda keçirilən iqlim konfransında bildirdi ki, əsrin ortalarınadək istixana qazı tullantılarını demək olar yarıya qədər azaldacaq və azad edilmiş torpaqlarda “sıfır emissiya zonası” yaradacaq. Deməli, burada təkcə yeni enerji xəritəsi deyil, həm də yeni həyat fəlsəfəsi qurulur - təmiz, ekoloji, keçmişin çirkli energetikasından azad bir fəlsəfə.
Bu rayonların potensialı möhtəşəmdir. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzulidə günəşin verdiyi imkan 7200 meqavatdan çox elektrik istehsalına yetərlidir. Laçın və Kəlbəcərin dağlarında külək təxminən 2000 meqavat güc yarada bilər. Həkəri çayı və Tərtərçayın qolları isə kiçik SES-lər üçün geniş perspektivlər açır. Günəş, külək və suyun bu kombinasiyası azad edilmiş əraziləri həqiqi “enerji xəzinəsinə” çevirir.
İlk nəticələr artıq göz önündədir. İstismara verilmiş dörd hidroelektrik stansiya - “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” və “Kəlbəcər-1” - fəaliyyət göstərir. İranla birlikdə Araz üzərində iki güclü stansiya - “Xudafərin” və “Qız Qalası” tikilir. Yaxın illərdə Laçın-Kəlbəcər zonasında 100 meqavatlıq külək parkı işə düşəcək. Zəngilan-Cəbrayıl bölgəsində isə bp 240 meqavatlıq günəş stansiyası inşa edir. Bütün bunlar artıq kağız üzərində planlar deyil, regionun simasını dəyişən real addımlardır.
Bu gün tam əminliklə demək olar: Azərbaycanın azad edilmiş torpaqları gələcəyin laboratoriyasına çevrilir. Dünən xaraba qalan, onilliklərlə işğal altında saxlanılan yerlərdə bu gün stansiyalar, elektrik xətləri və günəşlə işıqlanan yollar inşa olunur. Qarabağ və Şərqi Zəngəzur artıq sadəcə Azərbaycanın bir hissəsi deyil, onun yeni yolunun ürəyidir - enerji müstəqilliyi, ekoloji davamlılıq və müasir inkişaf yolu.
Hazırkı mərhələ iri generasiya obyektlərinin nöqtəvi istifadəyə verilməsi ilə xarakterizə olunur. Dövlət Bərpa Olunan Enerji Mənbələri Agentliyinin direktor müavini Rəna Hümbətovanın qeyd etdiyi kimi, birinci mərhələ - gücü 230 MVt olan Qaradağ Günəş Elektrik Stansiyasının inşası - artıq reallaşdırılıb. Bu, ölkənin beynəlxalq investorlarla tərəfdaşlıq şəraitində genişmiqyaslı layihələri həyata keçirmək gücünü təsdiqləyən mühüm siqnal oldu.
Əsl keyfiyyət sıçrayışı isə qarşıdakı iki ildə gözlənilir. 2025-ci ilin sonunadək gücü 240 MVt olan Xızı-Abşeron Külək Elektrik Stansiyasının istifadəyə verilməsi nəzərdə tutulub. 2026-cı ildə isə ölkənin energetika sistemi güclü impuls qazanacaq: Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) Günəş Elektrik Stansiyaları, həmçinin 100 MVt gücündə “Qobustan” SƏS birlikdə 860 MVt “yaşıl” güc əlavə edəcək. 2027-ci il daha dörd obyektin istifadəyə verilməsi ilə yadda qalacaq: Abşeron-Qaradağ Külək Elektrik Stansiyası (240 MVt), “UFUQ” SƏS (50 MVt), “Şəms” SƏS (50 MVt) və “Şəfəq” SƏS (240 MVt).
Beləliklə, 2027-ci ilədək, Naxçıvanda icra edilən layihələr nəzərə alınmadan, Azərbaycan ümumilikdə gücü 1,5 giqavatdan artıq olan səkkiz yeni elektrik stansiyasını istifadəyə verəcək. Müqayisə üçün: bu, böyük bir atom elektrik stansiyasının gücünə bərabərdir, lakin sıfır istismar emissiyaları və davamlı olaraq azalan generasiya maya dəyəri ilə. Bu göstəricilər eksperimental layihələrdən milli iqtisadiyyatın yeni sahəsinin planlı şəkildə formalaşmasına keçidi göstərir.
Generasiyanın artırılması ilə paralel olaraq başqa, az əhəmiyyətli olmayan resurs - enerji səmərəliliyinin dərk edilməsi prosesi gedir. IFC-nin davamlı maliyyə üzrə eksperti Leyla Hüseynli əsaslı iqtisadi disbalansa diqqət çəkərək, onun üstünlüyə çevrilə biləcəyini vurğulayıb. Azərbaycanda binaların təqribən 90 faizi qazla qızdırılır, əhali üçün daxili tariflər isə ixrac qiymətlərindən xeyli aşağıdır.
Sadə hesablamalar böyük potensialı ortaya qoyur. Binaların termomodernizasiyası, enerji səmərəli texnologiyaların tətbiqi və tikintidə “yaşıl” standartların reallaşdırılması hesabına qənaət edilən hər kubmetr qaz ixraca yönəldilə bilər. Daxili qiymətlərlə xarici bazar qiymətləri arasındakı fərq qənaət olunan qazı dövlət büdcəsinə birbaşa əlavə gəlirə çevirir. Bu vəsaitlər isə növbəti mərhələdə “yaşıl” iqtisadiyyatın inkişafına reinvestisiya edilə bilər ki, bu da özünü təmin edən maliyyə dövrü yaradır.
Prosesin işə düşməsi üçün dövlət stimulları (vergi güzəştləri, faiz dərəcələrinin subsidiyalaşdırılması) ilə özəl maliyyə bazarlarının dəstəyi birləşməlidir. Artıq uğurlu nümunə var: son beş ildə ölkədə hibrid və elektrik avtomobillərinin sayının 20–30 dəfə artması məhz düzgün gömrük və vergi güzəştlərinin kombinasiyası ilə mümkün oldu. Eyni model tikinti sektorunda da “yaşıl binalar” sertifikatlaşdırmasının təşviqi yolu ilə bazarın bütün iştirakçıları üçün sərfəli şəkildə tətbiq oluna bilər.
Günəş və külək energetikasının əsas texnoloji problemi dəyişkənlikdir. İkinci mərhələdən etibarən enerji saxlama sistemlərinin (ESS) inteqrasiyası üzrə məsuliyyət investorların üzərinə düşəcək. Generasiya və istehlak piklərini tarazlayan akkumulyatorlar olmadan yüksək bərpa olunan enerji payı ilə enerji sisteminin dayanıqlı fəaliyyəti mümkünsüzdür.
2030–2032-ci illərə qədərki dövr texnoloji yetkinliyin əldə olunmasına həsr ediləcək: enerji sisteminə sadəcə generasiya deyil, “BƏM + akkumulyator” hibrid komplekslərinin inteqrasiyası. Bu, “yaşıl” energetikanı dəyişkən mənbə kateqoriyasından daha idarəolunan və etibarlı kateqoriyaya keçirən kritik addımdır. Məhz bu mərhələdə elektrik enerjisinin qismən ixracı başlanacaq - ilk növbədə Gürcüstana və Türkiyəyə. Bunun üçün isə artıq sabit tədarük zəruridir.
Bu, Azərbaycanın strateji, son məqsədidir: “yaşıl” enerjinin net ixracatçısına çevrilmək və yeni sektorda neft-qaz diplomatiyasının uğurunu təkrar etmək. Tarqulayevin bildirdiyinə görə, Energetika Nazirliyi artıq beynəlxalq məsləhətçilərlə birlikdə 2040-cı ilədək mərhələli şəkildə 4 giqavatadək bərpa olunan enerjinin ixracını nəzərdə tutan ətraflı plan üzərində işləyir.
Layihələrin miqyası köklü şəkildə dəyişəcək: söhbət artıq meqavatlardan yox, giqavatlarla ölçülən güclərdən gedir. Bu ambisiyaların reallaşması üçün yalnız investisiya deyil, həm də yerləşmə coğrafiyasını, akkumulyatorların texnoloji imkanlarını və ən əsası - ixrac marşrutlarını nəzərə alan dərin sistemli planlaşdırma tələb olunur.
Burada Mərkəzi Asiyaya körpü yaranır. Qazaxıstan, Özbəkistan və Türkmənistan nəhəng, lakin hələ tam açılmamış külək və günəş enerjisi potensialına malikdir. Onların əsas problemi isə ixrac marşrutlarının məhdudluğu və mürəkkəb coğrafiyasıdır. Azərbaycan isə inkişaf etmiş tranzit infrastrukturu, beynəlxalq bazarlara çıxışı və Cənub Qaz Dəhlizi kimi mega-layihələrin icra təcrübəsi ilə həll təklif edir.
Mərkəzi Asiyadan Azərbaycana, ordan isə Türkiyə və Avropaya “yaşıl” enerjinin ötürülməsi üçün Xəzərin altından kabel çəkmək ideyası artıq futuristik ssenarilərdən çıxaraq praktik müzakirə mövzusuna çevrilib. Bu isə Azərbaycanı təbii hab - Şərqdən və Qərbdən gələn enerji axınlarının qovuşduğu son qovşaq edir. Ölkəmizin coğrafi mövqeyi unikal imkanlar açır. Buraya Xəzərdə dəniz külək energetikasının inkişafı da daxildir ki, bu da ixrac portfelinə əlavə güclü aktiv qazandıracaq.
Beləliklə, Azərbaycanda enerji keçidi dəb xatirinə atılan addım deyil, dərindən düşünülmüş uzunmüddətli strategiyadır. Bu strategiya üç sütun üzərində qurulub: daxili “yaşıl” generasiyanın sürətli artırılması, ənənəvi ixracdan gəlirlərin enerji səmərəliliyi vasitəsilə maksimumlaşdırılması və bütün Xəzər–Mərkəzi Asiya regionunun “yaşıl” enerjisi üçün əsas tranzit habı kimi mövqeləşmə.
Bu kursun reallaşması təkcə regional deyil, perspektivdə qlobal enerji balansını da dəyişmək gücünə malikdir. Azərbaycan nadir bir nümunə göstərir: neft ixrac edən ölkə ənənəvi sektordan əldə edilən gəlirləri öz enerji keçidinə yönəldir və post-karbon dövründə də dəyərli olacaq yeni, davamlı iqtisadi model yaradır. Mərkəzi Asiya ilə tərəfdaşlıq isə bu kursa təkcə regional deyil, qitəvi miqyas verir, onu Avrasiyanın enerji təhlükəsizliyinin gələcəyi üçün əsas layihələrdən birinə çevirir.