Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda "yaşıl enerji" sahəsində yeni layihələrin maliyyələşdirilməsində iştirak etməyə ümid edir.
Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Enerji sektoru üzrə baş bankiri Sandro Museridze Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbiri çərçivəsində Trend-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda ümumilikdə 1,2 giqavatlıq bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsində iştirak edib: "Bu layihələrin reallaşmasında AYİB 400 milyon ABŞ dollarına yaxın vəsait sərf edib. Digər maliyyələşdirən tərəflər də var, məsələn, ADB və başqa kreditorlar. Gələcək layihələrə gəldikdə isə, bəli, bizdə müəyyən planlar var. Ümid edirik ki, yaxın zamanda başqa layihələr də maliyyələşdiriləcək. Dəqiq rəqəm demək çətindir, amma sözügedən layihələrin ümumi dəyəri, yəni kapital və digər maliyyə qurumlarının verdiyi kreditlər də daxil olmaqla 1 milyard ABŞ dollarından çox olacaq".
"Hazırda Azərbaycanla müzakirədə olan bir neçə layihəmiz var. Ümid edirik ki, bu il və ya gələn il onların bir neçəsini ictimaiyyətə açıqlayıb müqavilələr imzalayacağıq", - deyə AYİb rəsmisi vurğulayıb.