Bakı. Trend:
“SOCAR Türkiye” və “Türk Prysmian Kablo” arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq perspektivləri, eləcə də enerji sektorunda açılan yeni imkanlar müzakirə olunub.
Trend bu barədə “Türk Prysmian Kablo”ya istinadən xəbər verir.
Məlumata görə, müzakirələr “SOCAR Türkiye”nin ali rəhbərliyinin Mudanyadakı “Türk Prysmian Kablo” istehsalat kompleksinə səfəri çərçivəsində baş tutub.
Nümayəndə heyətinə SOCAR Türkiyənin baş direktoru Elçin İbadov, strategiya və dayanıqlı inkişaf üzrə direktor Ömür Önk, eləcə də korporativ strategiya və inkişaf qrupu direktoru Erdem Ülner daxil olub. Onlar müəssisənin istehsalat imkanlarına baxış keçirib və şirkətin fəaliyyəti barədə ətraflı məlumat alıblar.
“Müzakirələr zamanı şirkətlər arasında gələcək əməkdaşlıq perspektivləri, dayanıqlı inkişaf sahəsində strateji təşəbbüslər, habelə enerji bazarında yeni imkanlar nəzərdən keçirildi. Bu strateji təmas “Türk Prysmian Kablo”nun qlobal enerji şəbəkələrinə inteqrasiyasının gücləndirilməsi və şirkətin dayanıqlı inkişaf sahəsindəki hədəflərinə çatması baxımından böyük əhəmiyyət daşıyır”,- deyə şirkətin məlumatında qeyd olunub.