Bakı. Trend:
Gürcüstan və Azərbaycan elektrik şəbəkəsi infrastrukturunun gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparırlar.
Bunu Trend-ə açıqlamasında Bakıda keçirilən “Azərbaycan - Mərkəzi Asiyanın Yaşıl Enerji Həftəsi” çərçivəsində Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri departamentinin rəhbər müavini Omar Sereteli bildirib.
“Gürcüstan “Yaşıl enerji dəhlizi” təşəbbüsü çərçivəsində Azərbaycanla fəal əməkdaşlıq edir. Tərəflər yalnız “yaşıl” hidrogenin inkişafı deyil, həm də elektrik şəbəkəsi infrastrukturunun gücləndirilməsi üzrə ideyalar mübadiləsi aparırlar. Layihələrin əsas məqsədi yaşıl enerjinin Gürcüstan vasitəsilə Avropaya ixracı olaraq qalır. Bununla belə, ölkə yalnız tranzitçi yox, həm də özünün “yaşıl” məhsullarının təchizatçısı qismində çıxış etməyi planlaşdırır”,- deyə o bildirib.
Sereteli qeyd edib ki, Gürcüstan 2026-cı ilin sonunadək “yaşıl” hidrogen üzrə yol xəritəsi və fəaliyyət planının hazırlanmasını başa çatdırmağı nəzərdə tutur.
Onun sözlərinə görə, Gürcüstanda 2019-cu ildə bərpa olunan enerji mənbələri haqqında, 2024-cü ildə isə enerji səmərəliliyi və binaların enerji səmərəliliyi haqqında qanunlar qəbul edilib.