Bakı. Trend:
Səfərin əsas məqsədi Qarabağ Universitetinə dəstək vermək və onun inkişafını sürətləndirməkdir. Buna görə də əlimizdən gələni edəcəyik.
Bunu Trend-ə açıqlamasında Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlu bildirib.
O vurğulayıb ki, səfər çərçivəsində çox səmərəli görüşlər keçirilib:
“Diasporla İş üzrə Dövlət Komitəsi, İğdır Universiteti, İğdır Azərbaycan Evi və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Şərqi Anadolu bölgəsindən səkkiz universitetin rektoru olaraq Bakıya gəlmişik. Burada Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla çox məhsuldar görüş keçirdik. Daha sonra Türkiyənin Bakıdakı səfirliyini ziyarət etdik. Ardınca isə Elm və Təhsil Nazirliyinin müavini ilə görüşdük. Bütün görüşlərdə Türkiyədəki ali təhsil müəssisələrinin Azərbaycan ali təhsil qurumları ilə əməkdaşlığı müzakirə olundu. Tələbə və müəllim mübadiləsi, təhsil səviyyəsinin artırılması, təqaüdlər məsələləri gündəmə gəldi. Çox səmərəli görüşlər keçirdik”.
“Mən ilk dəfədir Azərbaycandayam, Bakıya gəlmişəm. Çox bəyəndim, şəhər çox gözəldir, təmizdir və memarlığı möhtəşəmdir. Burada olmaqdan böyük məmnunluq duyuram. Qardaş Azərbaycan Respublikasının inkişafını görmək məni çox sevindirdi. Ardahan Universitetinin rektoru olaraq universitetimizdə azərbaycanlı qardaşlarımızı qəbul etməkdən, tələbələrin burada təhsil almasından, müəllimlərin fəaliyyət göstərməsindən məmnun olacağıq. Səfərin əsas məqsədi Qarabağ Universitetinə dəstək göstərmək və onun inkişafını sürətləndirməkdir. Ona görə də əlimizdən gələni edəcəyik”, - deyə rektor bildirib.