...

AYİB-in dəstəyi ilə Azərbaycanda hidrogen enerjisi strategiyası üzrə tenderə 13 şirkət qatılıb

İqtisadiyyat Materials 26 Sentyabr 2025 10:07 (UTC +04:00)
AYİB-in dəstəyi ilə Azərbaycanda hidrogen enerjisi strategiyası üzrə tenderə 13 şirkət qatılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə hidrogen enerjisi istehsalı üzrə yeni mərhələyə başlayırıq.

Trend xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bir ay ərzində məsləhətçi şirkət seçiləcək:

"Artıq tender bağlanıb və 13 şirkət AYİB-ə təklif təqdim edib. Hökumət də bu prosesin qiymətləndirilməsində iştirak edir. Məsləhətçi strategiyanın icra planında iştirak edəcək. Bu plan isə tənzimləmə, torpaqdan istifadə, bərpa olunan enerji mənbələrinin bölgüsü və digər vacib məsələləri əhatə edəcək.

Məsələn, yaşıl hidrogen istehsalında bərpa olunan enerji mənbələrinin birbaşa qoşulması tələb olunur. Bu, sertifikatlaşdırma üçün vacibdir. Bu qərar bizdən asılı olmayıb, amma qaydalara uyğun hərəkət etməliyik.
Hidrogen Azərbaycanda hələ də çox perspektivli sahədir. Lakin düzgün yanaşma və tərəfdaşlıq burada həlledici olacaq".

R. Hümbətova vurğulayıb ki, Azərbaycan artıq Gürcüstan, Macarıstan, Rumıniya, eləcə də Qazaxıstan və Özbəkistanla əməkdaşlıq sazişləri imzalayıb: "Bu sazişlərin tərkib hissəsi kimi hidrogen də nəzərdə tutulur. Amma əsas məsələ hidrogenin erkən, yoxsa gec mərhələdə tətbiq edilməsinə qərar verməkdir. Burada Avropa İttifaqı tərəfdaşlarının mövqeyi bizim üçün çox önəmlidir. Çünki əsas alıcı tərəf onlar olacaq.

Eyni zamanda, Avropanın 10 milyon ton daxili hidrogen istehsalı və istifadəsi üzrə hədəflərini yerinə yetirməkdə çətinlik çəkdiyini də eşitmişik. Bu isə idxal tələbatına da təsir göstərir. Avropa iki ay əvvəl istehsalçı ilə alıcını birləşdirəcək xüsusi platforma yaradıb. Biz də SOCAR-a müraciət etmişik ki, bu platformada iştirak etsinlər. Onlar isə bu imkanları nəzərdən keçirəcəklərini bildiriblər. Çünki bizim üçün əsas məsələ alıcıların mövcudluğudur".

"COP29 zamanı biz strateji baxışımızı elan etdik. Burada üç ssenari nəzərdə tutulub. Hazırda balanslaşdırılmış ssenarinin daha real olduğunu düşünürəm. Amma Azərbaycanın bərpa olunan enerji potensialını nəzərə alaraq, ambisiyalı ssenarinin də mümkünlüyünü istisna etmirik. Bütün məsələ tələb və alıcı tərəfə bağlıdır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti