Bakı. Trend:
Energetikanın Azərbaycanın aparıcı sahəsi qalmasına baxmayaraq, Böyük Britaniya artıq inşaat sektorunun, eləcə də xidmət, maliyyə və təhsil sahələrinin inkişafında fəal iştirak edir.
Trend xəbər verir ki, bunu Britaniya Ticarət Palatasının Azərbaycandakı icraçı direktoru Zibar Hüseynova ADA Universitetində keçirilən Birinci Azərbaycan-Britaniya Siyasi Dialoqunda etdiyi çıxışda söyləyib.
“Digər palatalar və təşkilatlarla müqayisədə biz Azərbaycandakı ən böyük xarici investor icmasını təmsil edirik. Buradakı investorlarımızın əldə etdiyi dəyərli təcrübə və dərsləri paylaşa bilərik və onlar gələcək inkişaf üçün nümunə ola bilər”, - deyə o qeyd edib.
Hüseynova palatanın iri və yerli biznes arasında dialoq üçün bir platforması rolu oynadığını vurğulayıb:
“Palata investorların və üzv şirkətlərin maraqlarını təmsil edir, eyni zamanda bütün tədarük zəncirini, subpodratçıları və kiçik və orta yerli şirkətləri əhatə edir. Biz fikir mübadiləsi üçün təhlükəsiz məkan yaradırıq, iri korporasiyaları və yerli biznesi birləşdiririk. Belə dialoq ikitərəfli iqtisadi münasibətləri yeni səviyyəyə qaldıra bilər”.
Onun sözlərinə görə, xüsusi diqqət rəqəmsallaşmaya və biliklərin ötürülməsinə yönəldilir: “Biz müxtəlif sahələrin modernləşdirilməsinə dəstək olmaqla Böyük Britaniyanın təcrübəsinin və standartlarının yerli bazara tətbiqinə kömək edə bilərik”- deyə o qeyd edib.