Bakı. Trend:
Kiçik və orta biznesin rəqəmsal kanallar vasitəsilə dəstəklənməsi məqsədilə, Bakıdakı azad iqtisadi zonaları Londonun White City Campus kimi akseleratorları ilə birləşdirən ikitərəfli bir koridorun yaradılması məqsədəuyğun olardı.
Trend xəbər verir ki, bunu “Globe Legistaror” baş direktoru və “Baku Climate Action Week” kuratoru Malini Mehra ADA Universitetində keçirilən Birinci Azərbaycan-Britaniya siyasi dialoqu çərçivəsində çıxışında deyib.
“Bu akseleratorlar hər iki tərəfdən şirkətlərin ikitərəfli biznes qurmaq və inkişaf etdirməkdə effektiv dəstək vasitəsidir. Məsələn, ilkin mərhələdə 2027-ci ilə qədər 25 Britaniya şirkətinin Azərbaycan bazarına çıxışını, eləcə də 25 Azərbaycan şirkətinin Böyük Britaniyaya çıxışını dəstəkləmək mümkündür”, -deyə o qeyd edib.
Onun sözlərinə görə, bu həmçinin şirkətləri digər ölkədə biznes qurmaq imkanları və çətinlikləri barədə məlumatlandırmağa imkan verir. Dövlət stimulları şirkətləri ilkin mərhələlərdə hüquqi dəstək, biznesin açılması, bank hesablarının açılması və digər vacib məsələlər üzrə məsləhətlərlə təmin edə bilər.
“Başqa bir təşəbbüs isə mədəni və kreativ diplomatiya forumunun yaradılmasıdır. Bu forum növbəli şəkildə Londonda keçiriləcək və iki ölkənin kreativ sənaye sahələri arasında fikir mübadiləsi üçün platforma rolunu oynayacaq”,- deyə o əlavə edib.