Bakı. Trend:
Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə U17 dünya çempionatında Azərbaycan idmançıları uğurla çıxış ediblər. 26 ölkədən 170 idmançının qatıldığı yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 10 güləşçi təmsil edib.
Trend xəbər verir ki, onlardan 6-sı qrup mərhələsini uğurla adlayaraq 1/4 finala, 4-ü isə yarımfinala yüksəlib.
55 kq çəki dərəcəsində çıxış edən Ülviyyə Musayeva yarımfinalda Polşa, finalda isə Yaponiya təmsilçisini məğlub edərək çempion olub. O, çimərlik güləşində qızlar arasında Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb.
80 kq çəki dərəcəsində mübarizə aparan Nihad Süleymanlı da böyük uğura imza ataraq yarımfinalda İran, finalda isə Gürcüstan güləşçisini məğlub edib və qızıl medal qazanıb.
90 kq çəki dərəcəsində yarışan Elgün Kərimli isə finalın bir addımlığında iranlı rəqibinə uduzsa da, moldovalı rəqibi üzərində 5:0 hesablı qələbə qazanaraq bürünc medal əldə edib.
70 kq çəki dərəcəsində çıxış edən Rəşad Əliyev isə yarımfinalda İran, bürünc medal uğrunda görüşdə isə Gürcüstan idmançısına məğlub olaraq 4-cü yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan millisi mundialı 2 qızıl və 1 bürünc medalla başa vurub. Oğlanlardan ibarət komanda 62 xalla dünya üçüncüsü olub. Yalnız iki idmançı ilə təmsil olunan qızlardan ibarət heyət isə 25 xalla Moldova və Puerto-Riko ilə 4–6-cı yerləri bölüşüb.
Qeyd edək ki, dünya çempionatında ədaləti I-S dərəcəli hakim Sədi Quliyev qoruyub.
XXX
22:14
Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə U17 dünya çempionatında Azərbaycan idmançıları böyük uğur qazanıblar.
Trend xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Ülviyyə Musayeva finalda yaponiyalı Reisa Kojimaya 4:0 hesabıyla qalib gələrək dünya çempionu olub. O, yarımfinalda polşalı Aqata Kuçarskayanı 3:2, 1/4 finalda isə britaniyalı Naosi Makmanusanı 3:0 hesabıyla məğlub etmişdi.
Digər uğurumuzu 80 kq çəki dərəcəsində Nihad Süleymanlı qazanıb. O, finalda gürcüstanlı Nuradin Mustafayevi 3:0 hesabıyla üstələyərək dünya çempionu tituluna yiyələnib. Süleymanlı yarımfinalda iranlı Abulfazl Saadatini 4:0, 1/4 finalda isə həmyerlisi Elvin Hacıquliyevi 3:0 hesabıyla məğlub edib.
Beləliklə, Azərbaycan güləşçiləri Yunanıstanda keçirilən U17 dünya çempionatında iki qızıl medal qazanıblar.