Bakı. Trend:
Bakıda Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Həftəsinin (Azerbaijan & Central Asia Green Energy Week 2025) ikinci günü yekunlaşıb.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Agentliyinin direktor müavini Rəna Hümbətova, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Enerji Səmərəliliyi və Bərpa Olunan Enerji Mənbələri Departamentinin rəhbər müavini Omar Sereteli, IFC-nin (Beynəlxalq Maliyyə Korporasiyası) Avropa və Cənubi Qafqaz üzrə infrastruktur üzrə investisiya meneceri Vyaçeslav Qordiyenko, eləcə də enerji şirkətlərinin digər nümayəndələri çıxış ediblər.
Tədbir çərçivəsində Azərbaycanda hidrogen energetikasının inkişaf perspektivləri, külək enerjisinin inkişafı: turbin istehsalçılarının innovativ həlləri, IFC-nin tərəfdaş olaraq oynadığı rol ( layihənin yaradılmasından tutmuş uzunmüddətli maliyyələşməyə qədər) kimi məsələlər müzakirə olunub.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova çıxış edərək bildirib ki, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə hidrogen enerjisi istehsalı üzrə yeni mərhələyə başlayırıq.
Onun sözlərinə görə, bir ay ərzində məsləhətçi şirkət seçiləcək:
"Artıq tender bağlanıb və 13 şirkət AYİB-ə təklif təqdim edib. Hökumət də bu prosesin qiymətləndirilməsində iştirak edir. Məsləhətçi strategiyanın icra planında iştirak edəcək. Bu plan isə tənzimləmə, torpaqdan istifadə, bərpa olunan enerji mənbələrinin bölgüsü və digər vacib məsələləri əhatə edəcək.
Məsələn, yaşıl hidrogen istehsalında bərpa olunan enerji
mənbələrinin birbaşa qoşulması tələb olunur. Bu, sertifikatlaşdırma
üçün vacibdir. Bu qərar bizdən asılı olmayıb, amma qaydalara uyğun
hərəkət etməliyik.
Hidrogen Azərbaycanda hələ də çox perspektivli sahədir. Lakin
düzgün yanaşma və tərəfdaşlıq burada həlledici olacaq".
Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri departamentinin rəhbər müavini Omar Sereteli isə qeyd edib ki, Gürcüstan və Azərbaycan “yaşıl” hidrogenin tədarükü və tranziti üzrə ideya və mexanizmlər hazırlayırlar.
“Gürcüstanın qonşu ölkələrlə əməkdaşlığı “yaşıl energetika dəhlizi” layihələri çərçivəsində yaşıl hidrogenin Avropaya tədarükü, tranziti və ixracına dair ideyaların işlənib hazırlanmasına yönəlib”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bəzi layihələr obyektiv səbəblərdən müvəqqəti olaraq təxirə salınsa da, bu istiqamətdə iş davam etdirilir.
“Azərbaycanla birgə bizdə “Yaşıl enerji dəhlizi” adlı təşəbbüs var. Onun çərçivəsində biz “yaşıl” hidrogenin həm boru kəmərləri, həm də dəniz yolu ilə Rumıniyaya və oradan Avropaya tədarükü və tranziti üzrə ideya və mexanizmlər hazırlayırıq. Artıq bir sıra mümkün marşrutlar müəyyən etmişik və onların bir hissəsi kifayət qədər real görünür”, - deyə Sereteli vurğulayıb.
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Cənubi Qafqaz üzrə investisiya məsələləri mütəxəssisi Vyaçeslav Qordiyenko isə öz növbəsində bildirib ki, şəbəkəyə sərmayənin prioritetləşdirilməsi, etibarlı enerji alqı-satqı müqavilələri (PPA) və dənizdə pilot layihələrin həyata keçirilməsi investisiya mühitini yaxşılaşdırmaq üçün əsas amillərdir. Hal-hazırda Azərbaycanda 2027-ci ilə qədər layihələr üçün ayrılmış və istifadəyə hazır 1,7 gigavatlıq enerji potensialı mövcuddur.
Onun sözlərinə görə, birinci prioritet şəbəkəyə sərmayə qoyuluşunun təmin edilməsidir: "Bununla bağlı ümidverici məqam odur ki, "Azərenerji” ASC geniş sərmayə proqramını həyata keçirmək üçün Dünya Bankı Qrupu ilə yaxından əməkdaşlıq edir.
Şəbəkədən əlavə, gəlirin proqnozlaşdırıla bilməsi də vacibdir. Bu baxımdan, PPA-ların mövcudluğu əhəmiyyətlidir. Ən ideal variant etibarlı bir alıcı və borcun ödənilmə müddəti ilə uyğun gələn müqavilə müddətinə malik PPA-lardır. Bu, əlavə investisiya cəlb etmək üçün əlverişli şərait yaradır".
“Azərişıq” ASC-nin Vetroenergetika şöbəsinin rəhbəri Rasim Əliyev isə vurğulayıb ki, Azərbaycanda enerji şəbəkəsinə inteqrasiya zamanı açar rol oynayan bir sistemə malik olmaq və ölkədə həqiqətən müasir bir proqnozlaşdırma mexanizminin olması vacibdir.
“Görürük ki, ölkəmizdə çoxsaylı layihələr həyata keçirilir və mən hesab edirəm ki, bu, gələcəkdə böyük əhəmiyyət kəsb edəcək. Həmçinin istismar zamanı SCADA (Nəzarət və Məlumat Toplama Sistemi) məlumatlarından istifadə edərək proqnozlaşdırıcı texniki xidmət tətbiq etmək daha məqsədəuyğundur – bu, çox vacibdir. Bu gün hələ də köhnə metodlar – profilaktik və düzəlişli xidmət istifadə olunur, lakin mənim fikrimcə, bunlar çox effektiv deyil", - R. Əliyev qeyd edib.
Eyni zamanda ACWA Power”in NOMAC külək parklarının istismar və texniki xidmət üzrə direktoru Radjukumar Qopalsami qeyd edib ki, Azərbaycanda külək enerjisinin səmərəliliyini artırmaq üçün rəqəmsal həllərin tətbiqi və yerli innovasiyaların dəstəklənməsi vacibdir.
Onun sözlərinə görə, “virtual beyin” funksiyasını yerinə yetirən mərkəzləşdirilmiş monitorinq stansiyaları turbinlərin məsafədən idarə olunmasına, onların küləyin sürəti və istiqamətinə uyğun tənzimlənməsinə imkan verir və beləliklə enerji istehsalını maksimum səviyyəyə çatdırır.
“Vacib element tərəfdaş şirkətlər tərəfindən təqdim olunan günlük, həftəlik və aylıq proqnozların istifadəsidir. Bu, off-teykerlərin yükü effektiv planlaşdırmasına və dispetçerləşdirmənin optimallaşdırılmasına kömək edir”, - deyə o qeyd edib.
