...

27 Sentyabr – Müasir Azərbaycan tarixinin şücaət səhifəsinin başlandığı gün (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2025 15:45 (UTC +04:00)
27 Sentyabr – Müasir Azərbaycan tarixinin şücaət səhifəsinin başlandığı gün (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetin Şəhidlər guşəsi önündə təşkil olunan tədbirdə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, AzMİU rəhbərliyi, müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra çıxış edən AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbədən bəhs edib. Rektor bildirib ki, 30 illik işğala son qoyan bu Zəfər Azərbaycan dövlətinin, xalqının və ordusunun gücünü bütün dünyaya göstərdi.

Professor Gülçöhrə Məmmədova əlavə edib ki, 2020-ci ildən sonra azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, məcburi köçkünlərimiz doğma yurdlarına qayıdır: “Bu gün Zəngilan, Laçın, Füzuli və digər bölgələrdə müasir şəhər və kənd mühiti yaradılıb, vətəndaşlarımız artıq həmin ərazilərdə yaşayırlar. Köç karvanımız Qarabağa və Zəngəzura doğru hərəkətdədir. Xalqımız üçün böyük qürurverici məqam isə 2023-cü ilin sentyabrında 23 saat davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyinin tamamilə bərpa edilməsi oldu. Bu, dövlətimizin tarixində yeni mərhələnin başlanğıcıdır”.

Rektor, həmçinin şəhidlik zirvəsinə ucalan qəhrəmanların ruhu qarşısında baş əydiyini, onların əziz xatirəsinin xalqımızın, o cümlədən AzMİU kollektivinin yaddaşında daim yaşayacağını vurğulayıb.

Daha sonra Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi, Vətən müharibəsi qazisi Elşad Babayev, şəhid məzun İsmayıl Kərimovun atası Ceyhun Kərimov və Dizayn fakültəsinin tələbəsi İlahə Quliyeva çıxış edərək şəhidlərin müqəddəs amal uğrunda göstərdikləri igidliklərdən danışıb, onların xatirəsinin daim uca tutulacağını bildiriblər.

Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar AzMİU-da bütün fakültələrdə ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub

Xəbər lenti

Xəbər lenti