27 sentyabr Anım Günü Azərbaycan xalqının iftixar hisslərin səbəbidir. Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən və tarixi Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində canlarını Vətən uğrunda fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla yad edir. Hər il qeyd edilən bu gün təkcə bir Anım Günü deyil, həm də xalqımızın milli birlik, qürur və şərəf simvoluna çevrilib.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının böyük fəxr və iftixar hisslərinin təcəssümüdür. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis olunan bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın bariz ifadəsidir:
"İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbə yalnız döyüş meydanında əldə olunan hərbi uğur deyildi. Bu həm də xalqımızın mənəvi qələbəsi, əsrlər boyu xalqımıza qarşı törədilmiş ədalətsizliklərə, işğal və vandalizmə verilən ibrətamiz cavab idi.
Bu böyük qələbəyə qəhrəman oğullarımızın canı və qanı bahasına nail olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradaraq xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı işğaldan azad etdi. Bu gün biz qalib bir xalq olaraq öz şəhidlərimizin ruhu qarşısında baş əyirik”.
A.Həsənova əlavə edib ki, Vətən müharibəsində əldə edilən zəfər dövlətimizin hərtərəfli gücünü, xalq-ordu birliyinin sarsılmazlığını və milli iradənin möhkəmliyini nümayiş etdirdi: “Bu qələbəni təmin edən əsas qüvvə ön cəbhədə qəhrəmancasına döyüşən əsgər və zabitlərimiz oldu. Onlar öz həyatlarını, sağlamlıqlarını qurban verərək xalqımıza möhtəşəm bir tarix bəxş etdilər”.
Deputat əlavə edib ki, dövlətin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı ardıcıl, sistemli xarakter daşıyır:
“Bu gün onların qəhrəmanlıqları dövlətimiz və xalqımız tərəfindən daim uca tutulur. Şəhidlərimizin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayır və gələcək nəsillər üçün milli qürur mənbəyinə çevrilir”.