Bakı. Trend:
Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün qurulmasına dəstək olmağa hazırdır.
Trend xəbər verir ki, ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon video müraciətində deyib.
O, ABŞ və Azərbaycanın 30 ildən artıqdır ki, tərəfdaş olduqlarını xatırladıb.
“Biz birlikdə terrorizmə qarşı mübarizə aparmış, enerji təhlükəsizliyini möhkəmləndirmiş və ölkələrimiz üçün rifah yaratmışıq. ABŞ və Azərbaycan üçün həqiqətən də tarixi bir anda burada olmaq mənim üçün böyük şərəfdir. Avqustun 8-də Ağ Evdə sülh sazişinin paraflanması Cənubi Qafqaz üçün yeni bir səhifə açdı. ABŞ Azərbaycan və Ermənistana dayanıqlı sülh quruculuğunda yardım göstərməyə hazırdır. Bu sülh yolunu möhkəmləndirməklə biz regionun ticarət, tranzit və energetika mərkəzi kimi böyük potensialını açırıq ki, bu da gələcək iqtisadi əməkdaşlığımızın açarı olacaq”,- deyə Karlon bildirib.
O həmçinin vurğulayıb ki, Vaşinqtonda Prezident Donald Tramp və Prezident İlham Əliyev tərəfindən imzalanmış Anlaşma Memorandumu ABŞ-Azərbaycan tərəfdaşlığının qurulmasına doğru ilk addımdır: “Ümid edirik ki, bu, qarşılıqlı maraq doğuran məsələlər üzrə əlaqələndirməni daha da yaxşılaşdırmağa imkan verəcək”.
“Gələcək üç il ərzində mənim məqsədim ölkələrimiz arasında əlaqələri möhkəmləndirmək, regionda sülh prosesini dəstəkləmək və həm Amerika, həm də Azərbaycan xalqına fayda gətirəcək birgə iqtisadi imkanları inkişaf etdirməkdir”, – deyə Karlon əlavə edib.