Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə Varşava Üsyanı Muzeyində Azərbaycan dilində audio bələdçinin təqdimatı keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Varşava Muzeyinin direktoru Yan Oldakovski, Polşa-Azərbaycan parlament qrupunun həmsədri və üzvləri, diplomatik korpusların nümayəndələri, rəsmi şəxslər, soydaşlarımız, müsəlman və xristian icmalarının təmsilçiləri, elm və incəsənət adamları, yerli media iştirak edib.
Çıxışlarda muzeyin fəaliyyətinə və Varşava üsyanının tarixinə nəzər salınıb. Bildirilib ki, Varşava üsyanı yalnız Polşa tarixində deyil, bütövlükdə insanlıq tarixində cəsarətin, dözümlülüyün və sarsılmaz iradənin simvoludur. Bu qəhrəmanlıq salnaməsi sərhədləri, millətləri və nəsilləri aşan universal bir hekayə olaraq, müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində danışılmağa və eşidilməyə layiqdir.
Qeyd olunub ki, audio bələdçi mədəniyyətlər arasında körpü rolunu oynayaraq qarşılıqlı anlayış və həmrəyliyi təşviq edən bir vasitə sayıla bilər.
Muzeydə bundan sonra ingilis, fransız, yunan, ispan, alman, slovak, Ukrayna və italyan dilləri ilə yanaşı Azərbaycan dilində də audio bələdçinin olması müsbət hal kimi qiymətləndirilib.