Bakı. Trend:
2025-ci il iyunun 30-na olan vəziyyətə görə, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) energetika sahəsində ümumi portfeli 6,7 milyard dollara çatıb.
Trend xəbər verir ki, bunu IFC-nin Avropa-Cənubi Qafqaz üzrə infrastruktur sahəsində investisiya meneceri Vyaçeslav Qordiyenko “Azərbaycan-Mərkəzi Asiyanın Yaşıl Enerji Həftəsi” tədbirində bildirib.
“Strategiyamızın mərkəzində “yaşıl enerji"nin inkişafı və iş yerlərinin yaradılması dayanır ki, bu da birbaşa olaraq Azərbaycan və daha geniş regionla bağlıdır”,- deyə o bildirib.
Onun sözlərinə görə, IFC bunu problem kimi deyil, imkan kimi görür, erkən mərhələdə prosesə qoşulmaq və layihələri elə formalaşdırmaq lazımdır ki, onlar bank sektoruna uyğun olsun və gələcəkdə IFC-dən maliyyələşmə əldə edə bilsinlər.
“Biz iki formatda işləyirik: əməkdaşlıq, hansı ki, daha yetkin layihələrdə yüngül dəstək lazım olur, məsələn, layihə sənədlərinin və ya maliyyə modellərinin təhlili. Adətən belə razılaşmalar 1 milyon dollara qədər olur, daha çox 100–500 min dollar aralığında. Yaxınlarda Gürcüstanda günəş və külək layihəsi üzrə bir inkişaf etdiriciyə hökumətlə danışıqlarda və CFD modelinin təhlilində kömək etdik. Belə layihələr yarım ildən bir ilə qədər davam edir. İkinci format birgə işlənmədir: daha mürəkkəb və innovativ layihələrdə IFC erkən mərhələdə həmmüvəqqəti investor qismində çıxış edir. Burada məbləğlər 8 milyon dollara çata, müddət isə 1–2 il və daha çox ola bilər. Adətən bu, pilot layihələr və ya “yaşıl sahə”də olan layihələr olur, məsələn, Polşada hidrogen və ya Ukraynada enerji saxlama obyektləri sahəsində”, – deyə o izah edib.