Bakı. Trend:
Orta Dəhliz region üzərindən ticarətdə inqilabi dəyişiklik vəd edir.
Trend xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavininin baş məsləhətçisi Kaleb Orr Nyu-Yorkda Caspian Policy Center-in (CPC) Xəzəryanı ölkələrin səfirlikləri ilə birgə təşkil etdiyi altıncı illik Xəzər Biznes Forumunda deyib.
“Rusiya üzərindən şimal marşrutlarını və İran üzərindən cənub marşrutlarını kənarda qoyaraq, Orta Dəhliz region üzərindən ticarətdə inqilabi dəyişiklik vəd edir və Qərbə — Avropaya və ABŞ-a çıxış imkanı yaradacaq. Tramp Marşrutu (TRIPP) dünyanın ticarət üçün şərait necə yaratdığının və ticarətin də öz növbəsində sülh və sabitliyi necə möhkəmləndirə biləcəyinin bariz nümunəsidir”, — deyə Orr vurğulayıb.
ABŞ-ın xarici siyasəti üçün daha geniş Xəzər regionunun əhəmiyyətindən danışarkən o bildirib: “Cənubi Qafqaz və Mərkəzi Asiyanı da əhatə edən geniş mənada Xəzər regionu ABŞ-ın xarici siyasətinin və strategiyasının həqiqətən əsas istiqamətidir. Bu, qısamüddətli maraq deyil, uzunmüddətli prioritetdir və ABŞ bunu strateji vəzifə kimi görür — ona sərmayə qoymaq və illərlə inkişaf etdirmək niyyətindədir”.
O, həmçinin Ermənistan və Azərbaycan arasında Prezident Donald Trampın şahidliyi ilə paraflanmış sülh sazişinin əhəmiyyətinə toxunub. “Bu, Tramp administrasiyasının regiona verdiyi diplomatik çəkini göstərir. Biz hesab edirik ki, bu razılaşma nəticəsində yarana biləcək həqiqi sülh dividendləri bütün regiona fayda gətirəcək. "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) və bizim C5+1 formatında əməkdaşlığımız sülhü firavanlığa çevirmək üçün real imkan yaradır”, — deyə Orr qeyd edib.