Bakı. Trend:
Keçən il Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsi 1,2 milyard ABŞ dolları ilə rekord səviyyəyə çatıb.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov bu gün keçirilən qəbulda bildirib.
“Cari ilin ilk aylarında ticarət həcmi artıq 700 milyon ABŞ dollarını keçib. Bu göstəricilər Çexiyanı Azərbaycanın dördüncü ən böyük ixrac tərəfdaşı və ümumi ticarət dövriyyəsi üzrə səkkizinci ən böyük tərəfdaşı edir,” – deyə o vurğulayıb.
Humanitar əməkdaşlığın da əhəmiyyətini qeyd edən nazir müavini bildirib ki, ötən il Praqada Azərbaycan Evi açılıb. Onun sözlərinə görə, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin inkişafı xalqların bir-biri ilə təmaslarını gücləndirir.
“Biz əminik ki, birgə səylərimiz nəticəsində Azərbaycan və Çexiya arasında dostluq və strateji tərəfdaşlıq gələcəkdə də xalqlarımızın xeyrinə genişlənəcək,” – Samir Şərifov əlavə edib.