Bakı. Trend:
Orta Dəhliz mövcud tranzit marşrutlarına mühüm əlavədir.
Trend xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Nyu-Yorkda Caspian Policy Center-in (CPC) Xəzəryanı ölkələrin səfirlikləri ilə birgə təşkil etdiyi altıncı illik Xəzər Biznes Forumunda deyib.
Darsaliya regionun nəqliyyat əlaqəliliyinin Orta Dəhliz kimi layihələr vasitəsilə artan əhəmiyyətini qeyd edib. “Orta Dəhliz sadəcə alternativ deyil, mövcud tranzit marşrutlarına həyati vacib əlavədir”, — deyə o vurğulayıb.
“Bakı–Tbilisi–Qars dəmir yolu və Anakliya limanı bizim əlaqəliliyə sərmayə qoymaq missiyamızın bir hissəsidir. Lakin əlaqəlilik yalnız fiziki infrastruktur deyil, həm də əməkdaşlıq, harmonizasiya, gömrük rəsmiləşdirilməsinin səmərəliliyi və rəqəmsal inteqrasiyadır”, — nazir müavini əlavə edib.
Darsaliya həmçinin Gürcüstanın investisiya cəlb etmək istiqamətində mühüm fəaliyyətinə toxunaraq qeyd edib: “Gürcüstan sadəcə tranzit ölkəsi deyil, korrupsiyaya qarşı mübarizə aparılan və regionda fəaliyyət göstərən şirkətlər üçün əlverişli vergi mühitinin yaradıldığı bir investisiya ölkəsidir”.