Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Gəncə-Mingəçevir-Ağstafa reysi üzrə rəmzi səfərə başlayıb.
Trend xəbər verir ki, qatar saat 07:30-da Bakı vağzalından hərəkətə başlayıb.
Qatarda səfər edən deputatlar dəmiryolu infrasturukturunda növbəti mərhələ olan rayonlararası qatarların fəaliyyəti və perspektivləri ilə bağlı fikirlərini bölüşüblər. Gəncə şəhərinin deputatı Müşviq Cəfərov yeni reysin əhəmiyyətinə toxunub:
“Bakıdan Gəncəyə ADY ilə səfərlər başlayandan hər zaman gediş-gəlişdə avtomobildən yox, qatardan yararlanmağa çalışmışam. İndi isə, Bakıyla əlaqəsi olmayan Gəncə-Mingəçevir-Ağstafa qatarının açılışdayıq. Bu insanlara qonşu bölgədə çalışmaq imkanı yaradır. Məsələn, Gəncədə yaşayan vətəndaş rahatlıqla qatardan istifadə etməklə iş üçün tez-tez və az məbləğ ödəyərək Mingəçevirə gedə bilər və həmçinin də əksinə”.
Müşviq Cəfərov vurğulayıb ki, qatarla səfərlər avtomobillə müqayisədə təhlükəsizlik baxımından daha da əlverişlidir:
“Qatarlar həmçinin fəsillərə uyğun komfortuna görə də əlverişlidir. Qatar infrastrukturu ilə bağlı son 7-8 ildə ciddi dəyişikliklər görürük. Qatarlarda 3 dildə xidmət göstərilir. Bu da turistlərin ölkəmizdə rahat hərəkəti üçün münbit şərait yaradır”.
Deputat həmçinin sentyabrın 28-dən start götürəcək MDB oyunları zamanı rayonlararası qatar səfərlərinin rolunun böyük olacağını qeyd edib. O, bildirib ki, bölgələrarası qatarların təşkili ilə bundan sonra beynəlxalq səviyyəli tədbirlərin bölgələrdə keçirilməsi daha çox gündəmdə olacaq.
“Bu gün regionlarımız sürətlə inkişaf edir. Yeni iş yerləri açılır, biznesə ciddi maraq var, regionlara investisya yatırılır. Eyni zamanda insanlarımızın yaşadıqları yerdən paytaxta və digər regionlara səfərləri artıq intensiv xarakter daşıyır. Bu baxımdan Mingəçevirə və yaxın rayonlara qatar marşrutlarının açılması çox mühüm hadisədir”.
Bu fikirləri Mingəçevir rayonunun deputatı Aydın Mirzəzadə bildirib. O deyib ki, qatarda gediş haqqı digər nəqliyyat vasitələri ilə müqayisədə nisbətən ucuzdur, həmçinin sürət həddi də artıb:
“Bu gün maraqlandım getdiyimiz qatarın sürəti saatda 137 kilometrdir. Bu avtomobil sürətinə bərabərdir. Həmçinin bu, tək sərnişin yox, həm də yük daşınmasıdır. Yük daşınmasında maya dəyərinin aşağı salınması, təbii ki, biznesmenləri böyük həvəslə regionlara investisya qoymağa dəvət edir. Azərbaycan Dəmir Yolları QSC-nin dəmir yolu xəttinin inkişafı ilə bağlı gördüyü fəaliyyət diqqəti cəlb edir. Bu, Prezident İlham Əliyevin onların qarşısına qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsidir”.
A.Mirzəzadə regionlararası inteqrasiyada dəmir yollarının əhəmiyyətli rolunu yüksək qiymətləndirib:
“Dəmir yolu ilə daşınma digər nəqliyyatlara nisbətən ucuz başa gəlir. Sürət də kifayət qədər yüksəkdi. İşğaldan azad edilmiş ərazilərdə dəmir yolu xətti sistemi bərpa edilir. Digər regionlara da dəmir yolu xətti varsa bərpa edilir, yoxdursa, yenidən çəkilir. Prezident İlham Əliyev dünən BMT tribunasından çıxışında da qeyd etdi ki, Azərbaycan bəlkə də yeganə regiondur ki, Şimal-Cənub, Şərq-Qərb marşrutları Azərbaycandan keçir. Burada dəmir yolunun çox böyük rolu var. Dəmir yolu həm beynəlxalq inreqrasiyamızın, eyni zamanda regionlaarası əlaqələrin intensivləşməsində öz böyük töhfəsini verir”.
Həmçinin Gəncədən olan deputat Naqif Həmzəyev də yeni hərəkətə başlayacaq regionlararası qatar fəaliyyəti ilə bağlı fikirlərini Trend-lə bölüşüb:
“Azərbaycanda Dəmir yolları infrastrukturu inkişaf edir və biz də buna sevinirik. Bilirsiniz ki, Gəncə Azərbaycanın ikinci böyük və şəhəri, tarixi paytaxtıdır. Gəncə Qazaxdan Yevlaxadək bölgənin əsas aparıcı şəhəri hesab olunur”.
N.Həmzəyev deyib ki, Mingəçevir-Gəncə-Ağstafa reysinin işə düşməsi həmin ərazidə yaşayan insanların işlərini rahatlaşdıracaq:
"Mingəçevir turistik baxımdan çox zəngin şəhərdir. Bizim Gəncə camaatı da çox vaxt istirahət üçün Mingəçevirə gedir. Gəncədən Ağstafa istiqamətinə gedən və ya Mingəçevir, eləcə də Ağstafadan Gəncəyə gələn sakinlərimiz də var. Yaxın bölgədən az qala hər kəs ticarət üçün, hansısa ehtiyacları qarşılaya bilmək məqsədi ilə Gəncəyə gəlir".
Deputat bildirib ki, regionlararası qatar səfərlərində qiymətlər də olduqca münasibdir:
“Avtomobildənsə, qatarla gəlib-getmək həm rahatdır, həm də təhlükəsizdir. İnanıram ki, regionlararası qatar reyslərinin sayı artırılsa yaxşı olacaq. Ehtimal olunur ki, yaxın zamanda Gəncədən Ağdama, Xankəndiyə, hətta Lənkərana qədər qatarla gedə biləcəyik”.
Deputat qatar nəqliyyatının təhsilə dəstəyindən də danışıb:
"Bilirsiniz ki, Gəncədə 3 böyük universitet var. Burada çoxlu sayda tələbə təhsil alır. Onların və ailələrinin digər şəhərlərə gedib-gəlməsi üçün bu cür qatarlara ehtiyac var. Xüsusilə də paytaxtdan asılılığı da bir növ aradan qaldırmaq lazımdır. Bu qatar reysləri olacağı təqdirdə hətta bəzi gən kadrlar öz yaşadıqları şəhər və rayonda qalmağa davam edəcəklər. Sadəcə gəlib böyük şəhərlərdə işləyib, axşam evlərinə qayıdacaqlar".