...

Zəfər tariximizin başlandığı gün - 27 sentyabr

Cəmiyyət Materials 27 Sentyabr 2025 00:02 (UTC +04:00)
Zəfər tariximizin başlandığı gün - 27 sentyabr
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın müasir tarixi çoxsaylı önəmli hadisələrlə zəngindir. Lakin bu hadisələr içərisində elələri var ki, xalqın yaddaşında silinməz iz qoyur, milli ruhu oyadır və tarixin axarını dəyişir. 2020-ci il 27 sentyabr məhz belə günlərdən biridir. Bu tarix, Azərbaycan xalqının torpaqlar uğrunda apardığı ədalətli mübarizənin başlanğıcı, milli birlik və qəhrəmanlıq rəmzi, həm də tarixi zəfərin ilk səhifəsidir.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bir neçə rayonumuz Ermənistan tərəfindən işğal olundu. Bu işğal nəticəsində bir milyona yaxın azərbaycanlı doğma yurd-yuvasından didərgin düşdü. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirildi. Münaqişənin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Lakin Ermənistan danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi.

30 il ərzində Ermənistan təxribatlar törədirdi, dinc əhalimizi mütəmadi atəşə tutmuş və onların rahat yaşamasına imkan vermirdi.

Lakin xalqımız işğalla heç zaman barışmadı. Ermənistan silahlı qüvvələri 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini cəbhə boyu kobud şəkildə pozdu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu sentyabrın 27-də düşmən təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı. Beləliklə, Vətən müharibəsi başladı. Bu müharibə Azərbaycan xalqının haqq, ədalət və ərazi bütövlüyü uğrunda savaşı idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu, xalqın dəstəyi ilə tarix yazdı. Ordumuz həm peşəkarlığı, həm yüksək texnologiyalardan istifadə etmə bacarığı, həm də əsgər və zabitlərimizin fədakarlığı ilə düşmənin müdafiə xətlərini bir-bir yararaq qısa zamanda böyük əraziləri azad etdi. Nəticədə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşkəsin elan edilməsi

atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonra bir güllə atılmadan Ağdam, Kəlbəcər, Laçın Azərbaycana təhvil verildi. Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı.

Torpaqlarımızın işğaldan azad olunması yalnız hərbi uğur deyil, eyni zamanda xalqımızın ləyaqətinin, milli kimliyinin, dövlətçilik ənənələrinin bərpasıdır.

Bu müharibədə canından keçən şəhidlərimiz və sağlamlığını itirən qazilərimiz, tarix boyu xalqımızın yaddaşında daim qürur mənbəyi olaraq qalacaq.

Onların fədakarlığı ilə yazılan bu şanlı tarix gələcək nəsillərə örnək olacaq. Xalq bir məqsəd uğrunda "dəmir yumruq" kimi birləşdi və düşmənə tarixi dərs verdi. Bu həm də millət olaraq öz gücümüzə inanmağımızın parlaq nümunəsidir.

Əsgər və zabitlərimiz vətəni ürəklə qorudular, ölümün üzərinə qorxmadan getdilər. Onların bu qəhrəmanlığı həm tarix, həm də xalq üçün iftixar mənbəyidir. Artıq onların igidliyi təkcə tarix kitablarında deyil, şeirlərdə, mahnılarda, filmlərdə, xatirələrdə yaşayır. Bu, həm də onların ölməzliyinin rəmzidir.

Artıq biz qalib xalqıq, statusumuz dəyişib – dünyaya güclü, suveren və mübariz bir xalq kimi tanınmışıq. Azad olunan ərazilərdə yenidənqurma, quruculuq və inkişaf dövrü başlayıb. Bu da o deməkdir ki, qələbə yalnız keçmişin xatirəsi deyil, gələcəyin təməlidir. Vətən müharibəsi bizi yalnız qalib etmədi, həm də milli kimliyimizi gücləndirdi, birliyimizi möhkəmləndirdi və şəhidlərimizin ruhunu rahatlatdı. İndi isə bizə düşən bu zəfərin daxili mənasını yaşatmaq və qazanılan torpaqlarda həyat, mədəniyyət və rifah qurmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti