Bakı. Trend:
Qlazqo Virus Tədqiqatları Mərkəzinin alimləri süni intellektin köməyi ilə “Viro3D” adlı yeni məlumat bazası hazırlayıblar. Bu baza insan və heyvan viruslarının zülal strukturlarını əhatə edən dünyanın ən geniş resursu hesab olunur.
Trend-in məlumatıa görə, bu barədə "MedicalXpress" portalı bildirib.
Məlumata əsasən, “Viro3D” 4400 virusdan 85 min zülalın yüksək keyfiyyətli struktur modelini ehtiva edir. Bu, indiyə qədər mövcud olan məlumatlardan 30 dəfə çoxdur. Baza pulsuzdur və araşdırmaçılar üçün açıq şəkildə təqdim olunur.
Mütəxəssislərin sözlərinə görə, bu layihə virusların mənşəyi və təkamülü barədə anlayışı genişləndirəcək, həmçinin hepatit, HİV, soyuqdəymə və COVID-19 kimi xəstəliklərə qarşı dərman və vaksinlərin hazırlanmasını sürətləndirəcək. Tədqiqatçılar artıq SARS-CoV-2 ilə bağlı maraqlı nəticələr əldə ediblər. Məlumatlar göstərib ki, virusun bəzi əsas zülalları qədim herpes virusları ilə genetik mübadilə nəticəsində yaranmış ola bilər.