Bakı. Trend:
Bu il ərzində 10-dan çox Afrika ölkəsinə hökumət missiyaları təşkil etmişik, səfərlərimiz olub.
Trend xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un Baş məsləhətçisi Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Afrika qitəsinə münasibətdə Azərbaycanın xarici siyasətində yeni bir gücləndirilmiş strategiya var:
"Yəni artıq biz bu il ərzində 10-dan çox Afrika ölkəsinə hökumət missiyaları təşkil etmişik, səfərlərimiz olub. Bir çox Afrika ölkələrindən həm liderlər, həm də xarici işlər nazirləri, hökumət rəsmiləri səviyyəsində Bakıda səfərlər olub. Əsas məqsəd bu ölkələrlə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin yeni istiqamətinin müəyyən olunmasıdır. Bunun üçün dövlət qurumlarımız da hərəsi öz istiqaməti üzrə çalışır. İnvestisiya, iqtisadi-ticari əməkdaşlıq imkanları dəyərləndirilir. Bunu bizim üçün yalnız böyük bir faydası ola bilər".
"Çünki biz Afrika qitəsindəki diplomatik təmsilçiliyimizi də gələcəkdə genişləndirmək planlarımızla birlikdə bu ölkələrin gələcəkdə beynəlxalq platformalarda daha böyük dəstəyini qazana bilərik. Eyni zamanda biz həmin ölkələrlə ortaq dəyərləri bölüşürük", - nazir müavini əlavə edib.