Bakı. Trend:
Bakıda, COP29-da verilən vədlər insanların və icmaların görə biləcəyi real addımlara çevrilməlidir.
Trend xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still Bakı İqli Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən tədbirdə etdiyi videomüraciətdə bildirib.
Onun sözlərinə görə, bu gün milli iqlim planlarını yerində investisiya edilə bilən həllərə çevirmək və həm dövlət, həm də özəl investisiyaları cəlb edəcək layihələr formalaşdırmaq vacibdir. Eyni zamanda, proqnozlaşdırıla bilən siyasi çərçivələrin və razılaşdırılmış biznes strategiyalarının yaradılması zəruridir.
“Milli iqlim planları razılaşdırılmış biznes strategiyaları ilə üst-üstə düşdükdə iqlim tədbirlərini genişləndirmək asanlaşır. Burada özəl sektor əsas rol oynayır. Burada biznes yalnız hədəflər qoymaqla deyil, artıq real investisiyalar edərək iddialarını göstərir,”- deyə S. Still vurğulayıb.
Onun sözlərinə görə, hökumətlər investorlar üçün riskləri azaldan, uzunmüddətli həlləri təşviq edən şəffaf və proqnozlaşdırıla bilən şərait yaratmalıdırlar. Biznes isə yalnız kapital təqdim etməklə kifayətlənməyib, həllərin genişləndirilməsi üçün məlumat, texnologiya və təcrübəsini bölüşməlidir.
“Bakı İqlim Fəaliyyəti Həftəsi məhz buna yönəlib — vədlərdən layihələrə, iddialardan fəaliyyətə keçid. Biz göstərməliyik ki, iqlim gündəliyi xərc deyil, güclü iqtisadiyyatlara, dayanıqlı cəmiyyətlərə və daha təhlükəsiz dünyaya aparan yoldur,”- deyə S. Still vurğulayıb.