Bakı. Trend:
Bu ilin ilk 8 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb. Bu həmin dövrdə 424,6 milyon manat xərc artımı deməkdir. DSMF-in xərclərindəki dəyişiklik həm 2025-ci ildə yeni sosial paketin icrası, həm də müavinət və təqaüd və eləcə də pensiya alanların sayının artması ilə bağlıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat qeyd edib ki, bu ilin ilk 8 ayında aylıq sosial müavinət alanların sayı 2025-ci ilin əvvəli ilə müqayisədə 13 min nəfər artaraq 466 min 210 nəfərə, təqaüd alanların sayı isə 4 min 244 nəfər artaraq 405 min 644 nəfərə çatıb:
"Bu o deməkdir ki, həmin dövrdə aylıq müavinət və təqaüd
alanların sayı 17.3 min nəfər çox olub.
Artımlar eyni zamanda proaktiv qaydada müavinət və təqaüd alanların
sayında da özünü göstərib. 2025-ci ilin yanvar-avqust ayları
ərzində proaktiv qaydada 105 665 sosial müavinət və təqaüd təyin
olunub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 minə yaxın
artım deməkdir. Pensiyaçıların sayında da artımlar qeydə alınıb.
2025-ci il iyulun 1-i vəziyyətinə əsasən pensiyaçıların sayı
əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.3 min nəfərə artaraq
1103,3 minə çatıb.
Göründüyü kimi, sosial dəstəklərdən faydalanan vətəndaşlarımızın
sayındakı artımlar DSMF-in xərclərin təsirsiz ötüşməyib".
Onun sözlərinə görə, bütövlükdə, 2025-ci ildə DSMF-in xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı və təsdiq olunmuş büdcədə də öz əksini tapmışdı.
"Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard
949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat
nəzərdə tutulub. Yəni, bu il fondun xərcləmələrinin təxminən 10
faiz çox olacağı gözlənilir. Bu baxımdan, növbəti dövrddə sosial
müdafiən tədbirlərinin miqyasının daha da genişləndirilməsi fondun
xərclərinə təsir göstərəcək. Çünki fondun əsas fəaliyyət
istiqamətləri pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və
sığorta üzrədir. Bu istiqamətlərdə artımlar fond tərəfindən daha
çox xərcləmələr deməkdir.
Artımlar eyni zamanda fondun proqnozlaşdırılan gəlirlərində də var.
2025-ci ildə DSMF gəlirlərinin 7 milyard 617 milyon manat olacağı
gözlənilir. Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta
haqları üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir.
Gəlirlərdəki artım fiscal dayanıqlıq baxımdan vacib
amillərdəndir",- deyə millət vəkili vurğulayıb.