Bakı. Trend:
Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb.
Trend xəbər verir ki, bunu Benin Prezidenti Patris Talon milli televiziyada yayımlanan xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, hərbi qulluqçulardan ibarət kiçik bir qrup üsyan törədib və bu, ordunun operativ müdaxiləsi ilə dərhal yatırılıb. Dövlət başçısı vurğulayıb ki, çevriliş cəhdinin bütün ocaqları zərərsizləşdirilib və üsyançıların xəyanətkar addımı cəzasız qalmayacaq.
Prezident qeyd edib ki, hakimiyyət ölkədə tam nəzarəti təmin edir. “Vəziyyət nəzarət altındadır. Ölkənin hər yerində təhlükəsizlik və ictimai asayiş qorunacaq”, – deyə Talon əlavə edib. O həmçinin bildirib ki, vətəndaşlar gündəlik işləri ilə təhlükəsiz şəkildə məşğul ola bilərlər.
