Bakı. Trend:
İngiltərədə “Take Back Power” (Gücü Geri Al) adlı, həddindən artıq varlılardan daha çox vergi alınmasını müdafiə edən qrupun üzvləri kral və kraliçaların taxdığı tacın saxlandığı şüşə vitrinin üzərinə desert atıblar.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təhlükəsizlik əməkdaşları qısa müddətdə müdaxilə edib və tacın zərər görməyib
Həddindən artıq varlılardan daha çox vergi alınmasını və xalq məclisinin yaradılmasını müdafiə edən qrupun aktivistləri vitrinin üzərinə İngiltərənin məşhur deserti olan "apple crumble and custard" yaxıblar.
Aktivistlər tacın önündə “Demokratiya parçalanır, varlılara vergi tətbiq et” sözləri yazılmış pankart açıblar.
“Take Back Power” qrupu adından verilən açıqlamada, 2011-ci ildən bəri ən aşağı gəlir qrupunda olan 10 faiz əhalinin gəlirinin 44 faizini vergi olaraq ödədiyi, varlılardan alınan vergi nisbətinin isə 22 faiz olduğu qeyd edilib.
London polisi 4 aksiyaçının saxlanıldığını və kral zinət əşyalarının nümayiş olunduğu London Qalasının müvəqqəti olaraq ziyarətə bağlandığını açıqlayıb.