Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın paytaxtı Riqa şəhərində səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Latviyanın aparıcı tibb müəssisələri, elmi-tədqiqat mərkəzləri və ali təhsil ocaqlarının fəaliyyəti ilə tanış olub.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyəti Riqa Beynəlxalq İqtisadiyyat və Biznes İdarəçiliyi Məktəbinin (RISEBA) rəhbərliyi ilə görüşüb. Qonaqlara məlumat verilib ki, 1992-ci ildə təsis edilən RISEBA Latviyanın ən böyük özəl ali təhsil müəssisələrindən biridir. Bundan əlavə, RISEBA dünyanın müxtəlif universitetləri və təşkilatları ilə fəal əməkdaşlıq edərək, tələbələrə peşəkar məqsədlərinə uyğun istiqamət seçməyə imkan verən müxtəlif təhsil proqramlarını təklif edir
Riqa Şərq Universitet Xəstəxanasının Təcili yardım və pasiyent qəbulu klinikası, eləcə də Travmatologiya və Ortopediya Xəstəxanasına da səfər baş tutub. Xəstəxanaların infrastrukturu, innovativ tibbi texnologiyaların tətbiqi və travmatologiya, ortopediya, təcili yardım xidmətləri üzrə təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Latviyanın “Grindeks” aparıcı əczaçılıq şirkətinin fəaliyyəti ilə tanışlıq baş tutub. Farmasevtik istehsal prosesi, keyfiyyətə nəzarət, dərman təhlükəsizliyi və yeni preparatların hazırlanması sahəsində əməkdaşlıq perspektivləri qiymətləndirilib.
Riqa Stradinş Universitetinin Tibb Təhsil Texnologiyaları Mərkəzi, Latviya Universitetinin Tibb və Həyat Elmləri fakültəsi, eləcə də Uşaq Klinik Universitet Xəstəxanasında görüşlər keçirilib. Tibbi təhsilin modernləşdirilməsi, simulyasiya mərkəzlərində birgə təlimlər, pediatriya sahəsində elmi və klinik əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti E. Qulbis laboratoriyasında Latviya Tibb İşəgötürənləri Assosiasiyası (VADDA) ilə görüşüb. Görüşdə laborator xidmətlərin təşkili, diaqnostik imkanların genişləndirilməsi və müasir laborator standartların tətbiqi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfər Azərbaycan və Latviya arasında tibb elmi, klinik təcrübə və səhiyyə xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm rol oynayacaq.
