Bakı. Trend:
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti 4–5 dekabr 2025-ci il tarixlərində Latviyanın paytaxtı Riqa şəhərində səfərdədir.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ilk olaraq Azərbaycanın Latviyadakı səfirliyində ulu öndər Heydər Əliyevin büstünün önünə əklil qoyulub, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.
Səfər çərçivəsində iki ölkə arasında səhiyyə sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə bir sıra görüşlər keçirilib. Səhiyyə naziri Teymur Musayev və Latviya Respublikasının səhiyyə naziri Hossam Abu Meri arasında ikitərəfli görüş baş tutub. Görüşdə, həmçinin Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov iştirak edib.
Görüş zamanı səhiyyə sistemlərinin inkişafı perspektivləri, rəqəmsal sağlamlıq, tibbi kadr hazırlığı, laborator xidmətlər və əczaçılıq sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə səhiyyə sistemində genişmiqyaslı islahatların aparıldığını
vurğulayan Teymur Musayev bildirib ki, beynəlxalq tərəfdaşlarla
əməkdaşlığın genişləndirilməsinə və qabaqcıl təcrübələrin tətbiqinə
ölkəmiz xüsusi önəm verir. Nazir Azərbaycan–Latviya
münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını, bu
əlaqələrin dinamik inkişafının sektorlararası əməkdaşlığa geniş
imkanlar yaratdığını qeyd edib.
Öz növbəsində Hossam Abu Meri iki ölkə arasında yüksələn siyasi
dialoqun əməkdaşlıq üçün mühüm platforma olduğunu bildirərək,
Latviya-Azərbaycan əlaqələrinin səhiyyə sisteminin inkişafına da
töhfə verəcəyini vurğulayıb.
Səfər çərçivəsində Azərbaycan və Latviya səhiyyə nazirlikləri
arasında səhiyyə və tibb elmi sahəsində Əməkdaşlıq Sazişi
imzalanıb.
Sənəd səhiyyə sahəsində təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, tibb təhsili, klinik tədqiqatlar, səhiyyə idarəçiliyi və digər istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur. İmzalanmış saziş iki ölkə arasında səhiyyə sahəsində strateji tərəfdaşlığın inkişafına mühüm töhfə verəcək.
Sonda Azərbaycan nümayəndə heyəti ilə Latviyanın kənd təsərrüfatı naziri, Latviya-Azərbaycan iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Armands Krause arasında işgüzar görüş keçirilib.
