Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) fevral ayında pilotsuz uçuş aparatı ilə vurulan Ukraynadakı Çernobıl AES-in dağıdılmış reaktoru üzərində yerləşən qoruyucu konstruksiyanın artıq əsas funksiyasını — radiasiyanın qarşısını almağı — yerinə yetirmədiyini açıqlayıb.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, MAQATE-nin məlumatına görə, fevral ayında baş verən dron hücumu nəticəsində reaktorun üzərini örtən qoruyucu tikilidə deşik yaranıb. Təxminən 1,5 milyard avroya başa gələn və 2019-cu ildə Avropanın təşəbbüsü ilə tamamlanan bu konstruksiya relslər üzərində hərəkət etdirilərək köhnə sarkofaq üzərinə yerləşdirilmişdi.
Agentlik ötən həftə polad örtükdə aparılan texniki baxış zamanı dron zərbəsinin konstruksiyanın struktur bütövlüyünü zəiflətdiyini müəyyən edib.
MAQATE-nin baş direktoru Rafael Qrossininin sözlərinə görə, müəyyən lokal təmir işləri aparılsa da, daha genişmiqyaslı bərpa işləri görülməzsə, vəziyyətin daha da pisləşməsi və uzunmüddətli nüvə təhlükəsizliyinin risk altına düşməsi qaçılmazdır.
