Bakı. Trend:
Ramiz Mehdiyev-Əli Kərimli-Milli Şura antidövlətçilik xəttinin
iflası və ifşası Azərbaycanın siyasi sisteminə qarşı planlaşdırılan
təxribatların mahiyyətini açıq şəkildə göstərdi. Bir vaxtlar
hakimiyyət strukturlarında mühüm rol oynayan, lakin sonradan siyasi
meydanda öz təsir imkanlarını itirən Ramiz Mehdiyev üçün kənardan
prosesləri manipulyasiya etmək əsas hədəfə çevrilmişdi. Əli Kərimli
isə uzun illərdir reallıqlara uyğunlaşmayan, cəmiyyətdən dəstək
görməyən müxalifət iddiasını yalnız belə ittifaqlarla davam
etdirməyə çalışırdı. Nəticədə bu iki fiqur və "mifik struktur"
arasında yaranan siyasi simbioz ölkədə qeyri-sabitlik yaratmaq,
hakimiyyətə təzyiq göstərmək və nəhayət, dövlət çevrilişi yolu ilə
hakimiyyəti ələ keçirmək planlarının mərkəzinə çevrildi.
Trend xəbər verir
ki, Milli Məclisin deputatı Kamaləddin Qafarov son dövrdə ölkədə
ifşa edilən antimilli qaragüruhu belə dəyərləndirib.
Onun fikrincə, Cəmi Həsənlinin rəhbərlik etdiyi Milli Şura layihəsi
həmin planın ön səhnəsi idi. Formal olaraq müxalifət koalisiyası
kimi təqdim olunan bu qurum, əslində, daxildən iflasa məhkum idi.
Çünki qurumun siyasi xəttini və qərarlarını müəyyən edən şəxslərin
real ictimai dayaqları yox idi. Milli Şura adına keçirilən
mitinqlərin ardınca Ramiz Mehdiyevin kənardan diktə etdiyi digər
tələblər və Əli Kərimlinin bu tələblərə kor-koranə əməl etməsi
faktiki olaraq "icraçı-sifarişçi" modelini formalaşdırmışdı.
Mehdiyev mitinqlərin davamlı olmasını, kütlənin küçələrə
çıxarılmasını, sosial gərginliyin artırılmasını tələb edir, Kərimli
isə bu prosesin önündə gedən əsas fiqur kimi təqdim olunurdu.
Əslində isə, icra edilən planın arxasında qara qüvvələrin ölkədə
xaos yaratmaq və siyasi sistemi təzyiq altında saxlamaq niyyəti
dururdu. Əlbəttə ki, bu niyyət Mehdiyev - Kərimli alyansının sadəcə
iqtidara qarşı deyil, bütün Azərbaycan xalqına açıq-aşkar düşmən
mövqelərini ortaya qoyur.
Əli Kərimlinin "Qafqaz baharı" ssenarisi də bu kontekstdə diqqət
çəkir. O, regionda baş verən geosiyasi dəyişikliklərin Azərbaycanda
da analoji proseslər doğura biləcəyini düşünərək kənar güclərin
dəstəyi ilə çevrilişə bənzər prosesləri stimullaşdırmağa çalışırdı.
Bu məqsədlə Rusiyadakı müəyyən qruplar, həmçinin diaspora
vasitəsilə maliyyə və informasiya dəstəyi təmin olunurdu. AXCP və
Milli Şura xəttinin Rusiyadakı bir qisim azərbaycanlılar tərəfindən
maliyyələşdirilməsi, bəzi şübhəli kanallarla əlaqələrin mövcudluğu
artıq uzun müddətdir ictimai müzakirələrdə yer alırdı. Bu mexanizm
həm siyasi, həm də media təsirinin xaricdən yönləndirildiyini aşkar
şəkildə göstərirdi.
Mehdiyev və Kərimlini birləşdirən keçmiş əlaqələr də təsadüfi
deyildi. Uzun illər ərzində eyni siyasi çevrədə fəaliyyət göstərmiş
bu şəxslər sonradan müxtəlif səbəblərlə fərqli mövqelərə keçsələr
də, hakimiyyətə münasibətdə ortaq narazılıq onların yollarını
yenidən birləşdirdi. "Boz kardinal" obrazı ilə tanınan Ramiz
Mehdiyevin gizli görüşləri, məxfi məlumatların ötürülməsi və
proseslərin koordinasiyası barədə yayılan məlumatlar bu ittifaqın
xəyanətkar mahiyyətini bir daha üzə çıxarır.Ehtimal etmək olar ki,
istintaq nəticəsində bu şəxslərin həmçinin 1991-1992-ci illərdə
Azərbaycanın vətəndaş müharibəsi astanasına gətirilməsində də
aparıcı rol oynadıqları aşkar edilə bilər. Bu gün ölkədə daxili
sabitliyi sarsıtmağı, cəmiyyətdə qütbləşmə yaratmaqla dövlətin
idarəetmə sistemini zəiflətməyi və beynəlxalq imicini zədələməyi
özlərinə hədəf olaraq seçən düşmən ünsürlərin o keşməkeşli illərdə
ölkəni parçalayaraq marionet dövlətçiklərə ayırmaq kimi
niyyətlərinin olması artıq heç kimi təəccübləndirməz.
Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Moskvanın Cənubi Qafqazdakı təsirini bərpa etmək planları da bu kontekstdə təsadüfi deyil. Çünki prosesin əsas daşıyıcılarından biri kimi AXCP-nin öndə getməsi, Mehdiyevin isə köhnə əlaqələrindən istifadə etməsi ehtimalı ciddi təhlükə yaradırdı. Lakin cəmiyyətin yetkinliyi, dövlət institutlarının gücü və milli həmrəylik Azərbaycanda belə avantürist planların reallaşmasını mümkünsüz edir. Mehdiyev-Kərimli ittifaqının iflası isə bir daha göstərdi ki, xəyanət üzərində qurulan heç bir siyasi strategiya uzunömürlü ola bilməz. Bu cür cəhdlərin vaxtında aşkarlanması da dövlətçiliyin möhkəmlənməsi və ölkənin sükanının etibarlı əllərdə olması qənaəti baxımından mühüm əhəmiyyət daşıyır.