...

Tayland-Kamboca sərhədində atəşkəs pozulub: Yaralılar var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 8 Dekabr 2025 11:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kambocanın cənub-qərbində yerləşən Odda-Miençey əyalətində Tailanddan açılan atəş nəticəsində 3 dinc sakin yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Kambocanın rəsmiləri bəyanat yayıb.

Yerli administrasiya nümayəndəsinin bildirdiyinə görə, insident yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 08:00-da) baş verib. Zərərçəkənlərdən biri qadındır. Yaralıların hər biri xəstəxanaya çatdırılıb.

11:08

xxx

Kamboca ordusunun hərbçiləri Taylandla sərhəd bölgəsində yenidən atəş açıb.

Trend xəbər verir ki, bu barədə Tailand Ordusunun İkinci Hərbi Dairəsi məlumat yayıb.

Qeyd olunub ki, Kamboca hərbi qüvvələrinin Çonq An Ma bölgəsində atəş açması sərhəd bölgəsində vəziyyəti gərginləşdirib. Buriram, Surin, Sisaket və Ubon Raçathani əyalətlərindəki mülki əhalinin təxminən 70%-i təxliyə edilib. 35,600 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, digərləri qohum evlərinə və ya hələ də köçürülür. Namyung rayonunda evakuasiya zamanı bir mülki şəxs həlak olub.

Tailand Kral Hərbi Hava Qüvvələri Kamboca silahlı qüvvələrinin mövqelərinə zərbələr endirib. Bəyanatda qeyd olunub ki, əməliyyat Tailandın milli təhlükəsizliyi və sərhəd sakinlərinin müdafiəsi məqsədilə həyata keçirilib. Kamboca ağır silahları səfərbər edib və döyüş hissələrini qruplaşdıraraq atəşə dəstək verib ki, bu da əməliyyatların genişlənməsi riskini artırıb.

Tailand ordusunun məlumatına görə, Plan Hin Pat Kon bölgəsində baş verən toqquşmalardan sonra Kamboca qoşunları maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib və sərhəd boyunca qüvvələrini artırıb.

Baş nazir Anuthin Çanvirakun Banqkokdakı Hökumət Evində təhlükəsizlik rəsmilərinin fövqəladə iclasını çağırıb və Kambocanın RM-70 və BM-21 raket sistemlərini sərhədə yaxınlaşdırması səbəbindən planlaşdırılan səfərini ləğv edib.

Son məlumatlara görə, sərhəddə baş verən toqquşmalarda 1 Tailand əsgəri ölüb, 4-ü yaralanıb.

Xəbər lenti

Xəbər lenti