Bakı. Trend:
Biz bu gün planetimiz üçün son dərəcə vacib bir mərhələdə görüşürük. Bakı İqlim Fəaliyyəti Həftəsi kimi forumlar iqlim dəyişikliyi ilə mübarizədə xüsusilə mühüm rol oynayır və birgə səylərə təkan verir.
Trend xəbər verir ki, bunu BMT Baş katibinin xüsusi nümayəndəsi Damilola Oqubiyi Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda bildirib.
“Builki Həftənin xüsusi əhəmiyyəti var, belə ki o, BMT Baş Assambleyasından cəmi bir neçə gün sonra və COP30-un Belendə keçirilməsinə bir neçə həftə qalmış keçirilir. Bakıda keçirilən COP29 mühüm irəliləyiş olub: ölkələr 2035-ci ilədək ildə ən azı 300 milyard dolların səfərbər edilməsinə razılıq verib və Enerji Saxlayıcılarının və Elektrik Şəbəkələrinin İnkişafı üzrə Qlobal öhdəlikləri dəstəkləyiblər”, - deyə o bildirib.
Oqubiyi qeyd edib ki, 2030-cu ilə qədər emissiyalar 2019-cu illə müqayisədə 43% azaldılmalıdır, lakin dünya təhlükəli bir trayektoriya üzrə hərəkət edir və temperatur 2,5–2,9°C yüksələcək.