...

7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan şəxslərin növbəti məhkəməsi keçirilib

Cəmiyyət Materials 29 Sentyabr 2025 11:31 (UTC +04:00)
7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan şəxslərin növbəti məhkəməsi keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahidlər ifadə verib.

Mərkəzdə direktor müavinivəzifəsində çalışmış Dilarə Şirinova ifadə verib.

O, bildirib ki, yanğın baş verən zaman hadisədən xəbəri olmaylb və xəbər tutandan sonra mərkəzə gəlib.

“Mən çatandan artıq yanğın sönmüşdü. Mən həmin mərkəzdə 2001-ci ildən çalışıram. 2023-cü ildə direktor müavini vəzifəsinə təyin olundum. Sonra mərkəzdə icbari tibbi sığorta tətbiq olundu. Bununla da struktur dəyişikliyi oldu”.

Şahid bildirib ki, perinatal mərkəzdə ciddi şəkildə tibb bacısı çatışmazlığı olub:

“Əvvəllər iki otaq fəaliyyət göstərirdi. Sonra bu otaq sayı 4-ə çatdırıldı. Kim iş çoxluğuna etiraz edirdisə, həmin işçiyə ağ vərəq göstərirdi”.

Şahid məhkəməyə verdiyi ifadə zamanı qeyd edib ki, mərkəzdə əvvəllər də yanğın baş verib:

“Mərkəzdə sanitar qovşaqda yanğın baş vermişdi. Lakin yanğın yayılmadan qarşısı alınmışdı. Sonra bu hadisə baş verdi. Yanan otaqlarda 30-dan çox ekektrik yuvası var idi. Elektrik yuvalarının bəzilərinə uzadıcalar da qoşulmuşdu. Bəzən də “tok” vurma halları baş verirdi”.

Dilarə Şirinova bildirib ki, mərkəzin direktoru məzuniyyətdə olsa belə işlə maraqlanırdı:

“Mehriban Abasquliyeva məzuniyyətdə olsa belə xəstə sayı ilə maraqlanırdı. Mehriban Abasquliyeva deyirdi ki, necə edirsiniz edin, müraciət edənlər artsın, xəstə sayı çox olsun. Xəstə sayı çox olanda mərkəzin direktorunsan tutmuş xadiməyə kimi hər kəsin maaşı artırdı”.

Şahid əlavə edib ki, “Respublika Perinatal Mərkəzi” inzibati qaydada fəaliyyət göstərir və orada direktorun vəzifələrini icra edir. Lakin xəstə qəbul olunmur. Bunun səbəbini isə TƏBİB-dən soruşmaq lazımdır.

Məhkəmə 8 oktyabra təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti