...

Bakıda Türk Dövlətləri Təşkilatı ilə bağlı konfrans keçirilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 29 Sentyabr 2025 14:00 (UTC +04:00)
Bakıda Türk Dövlətləri Təşkilatı ilə bağlı konfrans keçirilib (FOTO) (YENİLƏNİB)
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 29-da Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaş beynəlxalq münasibətlər sistemində TDT-nin rolu, qarşılaşdığı strateji çağırışlar və üzv dövlətlər üçün yaranan yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tədbir təşkilatın regional və qlobal miqyasda mövqeyinin gücləndirilməsi istiqamətində intellektual fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayacaq.

Konfrans çərçivəsində aşağıdakı mövzularda panel sessiyalar təşkil olunacaq:

  • Siyasi təhlükəsizliyin qeyri-müəyyənliyi dövründə TDT-nin qlobal sülh və sabitliyə töhfələri;
  • İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatına, ticarət və nəqliyyat əlaqələrinə töhfələri;
  • Qlobal qeyri-müəyyənlik dövründə TDT-nin mədəniyyət, elm və parlamentarizm üzrə siyasəti.

Tədbirdə iştirak edəcək beyin mərkəzlərinin nümayəndələri regional əməkdaşlığın möhkəmləndirilməsi, TDT-nin beynəlxalq arenadakı rolunun genişləndirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi imkanlarını müzakirə ediblər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışında bildirib ki, hazırda dünya siyasətində qeyri-müəyyənlik dövrü yaşanır. Bunun əsas səbəblərindən biri bir çox beynəlxalq təşkilatların öz funksiyalarını effektiv şəkildə yerinə yetirə bilməməsidir.

"Bu gün regional və qlobal səviyyədə ya mövcud təşkilatlarda ciddi islahatlara, ya da yeni təsisatların meydana gəlməsinə ehtiyac var. Qısaca, təşkilatların funksionallığı baxımından boşluq mövcuddur və TDT bu boşluğu doldurmaq potensialına malikdir.

Türk dövlətləri arasında əməkdaşlığı zəruri edən əsas amillərdən biri dünyada artmaqda olan təhlükələr və risklərdir. Bu təhlükələrə qarşı təkbaşına mübarizə aparmaq, demək olar ki, mümkün deyil. Məhz buna görə də dövlətlər arasında ittifaqların və əməkdaşlıq formatlarının artdığını müşahidə edirik. Azərbaycanın hazırda 4 dövlətlə müttəfiqlik müqaviləsi və ya bəyannaməsi vardır ki, onlardan 3-ü Türk dövlətləridir. Aramızdakı əməkdaşlığın güclənməsi qarşılaşdığımız risk və təhlükələrə qarşı daha dayanıqlı mövqe sərgiləməyimizə imkan yaradır", - deyə Fərid Şəfiyev qeyd edib.

Öz növbəsində Qazaxıstan Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun direktoru Jandos Şaymardanov əlavə edib ki, Orta Dəhliz həm türk dünyasına aid, həm də diplomatiyanı və nəqliyyat əlaqəliliyini təcəssüm etdirən, qlobal qeyri-müəyyənlik şəraitində sabitliyi möhkəmləndirən bir rəmz kimi qəbul edilməlidir.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında ABŞ-də paraflanmış sülh sazişi layihəsi tarixi bir dönüş nöqtəsidir və bütün türk dünyasının ortaq qələbəsi sayılır. Bu, infrastrukturun təkcə iqtisadi aktiv deyil, həm də sabitliyin və uzunmüddətli əməkdaşlığın siyasi təminatı olduğu bir mühit yaradır.

“Ümumiyyətlə, sərhədlər açıldıqda, prosedurlar harmonizasiya edildikdə, energetika, ticarət və insanların sərbəst hərəkəti təmin olunduqda, münaqişə üçün stimullar azalır, əməkdaşlıqdan əldə edilən faydalar isə artır. Məhz bu yolla coğrafiya sülhə çevrilir”, - deyə o qeyd edib.

Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin departament rəisi Turxan Dılmaç isə qeyd edib ki, Türk Dövlətləri Təşkilatını özünü başqa ölkələrlə qarşı-qarşıya qoyan “üçüncü blok” kimi yox region və onun hüdudlarından kənarda sabitlik mənbəyi kimi nəzərdən keçirmək lazımdır.

Onun sözlərinə görə, türk inteqrasiyası eksklüzivlik və qarşıdurmanı nəzərdə tutan blok kimi deyil, nüfuzlu regional iştirakçının formalaşması prosesi kimi qəbul olunmalıdır.

“Biz qlobal qeyri-müəyyənlik dövründə yaşayırıq və türk dövlətlərinin həmrəyliyi həlledici əhəmiyyət daşıyır. Onun konkret nəticələrini, həmçinin Qarabağ hadisələri zamanı gördük”, - deyə Dılmaç vurğulayıb.

Şimali Kipr Türk Respublikasının Prezidenti yanında vətəndaş cəmiyyəti təşkilatları ilə təmaslar üzrə əlaqələndirici Lətif Akça deyib ki, Şimali Kipr Türk Dövlətləri Təşkilatının (TDT) logistika, enerji və təhsil mərkəzinə çevrilə bilər.

Onun sözlərinə görə, Şimali Kipr Türk Respublikasının Şərqi Aralıq dənizindəki strateji mövqeyi, ticarət mallarının türk dünyasından Avropa və Afrikaya sürətli və təhlükəsiz daşınması üçün limanlar və dəniz infrastrukturundan, o cümlədən modernləşdirilmiş Famaqusta limanından istifadə etməyə imkan verir.

Macarıstanın Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi əməkdaşı Laslo Vaşa da qeyd edib ki, Orta Dəhliz təkcə nəqliyyat layihəsi deyil həm də Türk dünyasının inteqrasiyasının strateji bir alətidir.

“Orta dəhliz Şərq ilə Qərb arasında, həmçinin Şimal ilə Cənub arasında körpüdür, regionları birləşdirir və bəzən diqqətdən kənarda qalan istiqamətləri dəstəkləyir. Türk dünyası üçün bu, yalnız logistika deyil, eyni zamanda qlobal iqtisadiyyatda liderlik və strateji roldur”, - deyə Vaşa vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti