Bakı. Trend:
Hazırda dünya siyasətində qeyri-müəyyənlik dövrü yaşanır. Bunun əsas səbəblərindən biri bir çox beynəlxalq təşkilatların öz funksiyalarını effektiv şəkildə yerinə yetirə bilməməsidir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfransda deyib.
"Bu gün regional və qlobal səviyyədə ya mövcud təşkilatlarda ciddi islahatlara, ya da yeni təsisatların meydana gəlməsinə ehtiyac var. Qısaca, təşkilatların funksionallığı baxımından boşluq mövcuddur və TDT bu boşluğu doldurmaq potensialına malikdir.
Türk dövlətləri arasında əməkdaşlığı zəruri edən əsas amillərdən biri dünyada artmaqda olan təhlükələr və risklərdir. Bu təhlükələrə qarşı təkbaşına mübarizə aparmaq, demək olar ki, mümkün deyil. Məhz buna görə də dövlətlər arasında ittifaqların və əməkdaşlıq formatlarının artdığını müşahidə edirik. Azərbaycanın hazırda 4 dövlətlə müttəfiqlik müqaviləsi və ya bəyannaməsi vardır ki, onlardan 3-ü Türk dövlətləridir. Aramızdakı əməkdaşlığın güclənməsi qarşılaşdığımız risk və təhlükələrə qarşı daha dayanıqlı mövqe sərgiləməyimizə imkan yaradır", - deyə Fərid Şəfiyev qeyd edib.