Bakı. Trend:
Türk Dövlətləri Təşkilatını özünü başqa ölkələrlə qarşı-qarşıya qoyan “üçüncü blok” kimi yox region və onun hüdudlarından kənarda sabitlik mənbəyi kimi nəzərdən keçirmək lazımdır.
Trend xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin departament rəisi Turxan Dılmaç Bakıda keçirilən TDT üz dövlətlərinin beyin mərkəzlərinin konfransında etdiyi çıxışda bildirib.
Onun sözlərinə görə, türk inteqrasiyası eksklüzivlik və qarşıdurmanı nəzərdə tutan blok kimi deyil, nüfuzlu regional iştirakçının formalaşması prosesi kimi qəbul olunmalıdır.
“Biz qlobal qeyri-müəyyənlik dövründə yaşayırıq və türk dövlətlərinin həmrəyliyi həlledici əhəmiyyət daşıyır. Onun konkret nəticələrini, həmçinin Qarabağ hadisələri zamanı gördük”, - deyə Dılmaç vurğulayıb.
O, TDT-nin qlobal sabitliyə töhfə verə biləcəyi istiqamətlər sırasında dialoq və vasitəçilik, terrorizm və ekstremizmlə mübarizə, əlaqəlilik və iqtisadi dayanıqlığın inkişafı, humanitar həmrəylik, mədəni diplomatiya və gənclərin cəlb olunması kimi məsələlərə diqqət çəkib.