Bakı. Trend:
İlin sonuna qədər paytaxtda ekoloji təmiz avtobusların sayı 400-ə çatdırılacaq.
Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur.
Gəncə şəhərində bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib. Bu günlərdə açılışı olan yeni avtobus deposunda şəhərin marşrut şəbəkəsində istifadə edilən 244 müasir və komfortlu nəqliyyat vasitəsi mövcuddur. 2025-ci ilin sonunadək isə bu say 280-ə çatdırılacaq.
2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-ə çatdırılacaq.
Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib - 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib.
Həmçinin ilin sonuna kimi Naxçıvana 60 elektrik mühərrikli avtobus gətiriləcək.
Bu proses işğaldan azad olunmuş ərazilərdə də aparılır. “Böyük Qayıdış” planına uyğun olaraq, ilk növbədə Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub. Artıq bu nəqliyyat vasitələri ölkəyə gətirilməkdədir və onlar üçün xüsusi depo da hazırlanır.
Ümumilikdə, aparılan işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə şəhərdaxili və rayondaxili marşrutlarda 2026-ci ilin sonunadək 143, şəhərlərarası (rayonlararası) daşımalar üçün isə 19 elektrikli avtobusun istismara verilməsi nəzərdə tutulur.