Bakı. Trend:
Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı təşəbbüsləri tərəfdaşlıq və əməkdaşlıq haqda yeni çərçivə proqramına çevirməyi planlaşdırır və onun oktyabrın 24-də – BMT Günündə imzalanması nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda çıxışında deyib.
“Proqram 2026–2030-cu illər üçün BMT ilə Azərbaycan arasında tərəfdaşlıq çərçivəsində iqlim tədbirləri, iqlim ədaləti, “yaşıl iqtisadiyyat" və gənclərin prosesə cəlb olunmasına fokuslanacaq”, - deyə Andreyeva bildirib.
O vurğulayıb ki, İqlim Fəaliyyətləri üzrə II Qlobal Qrupun yaradılması Azərbaycanın işinə ciddi yanaşmasının göstəricisidir.
Andreyeva əlavə edib ki, Bakıda keçirilən COP29 birdəfəlik hadisə deyil, artıq daimi fəaliyyətlərə çevrilməkdə olan öhdəliyin təzahürü olub. Onun sözlərinə görə, BMT komandası üçün bu unikal bir təcrübə idi və dünyanın ən böyük iqlim konfranslarından birinə hazırlıq prosesinə COP29 sədrliyi ilə sıx əməkdaşlıq şəraitində dəstək vermək böyük bir şərəfdir.
“Keçən il komandam 29 iqlim müzakirəsi təşkil etdi və müxtəlif sahələrdən iştirakçıları bir araya gətirdi. Əsasən, iqlim tədbirləri ilə əlaqəsi olan hər kəs, yəni hamımız bu dialoqların bir hissəsi olduq”,- deyə Andreyeva vurğulayıb.