Bakı. Trend:
“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla Dialoq” adlı analitik layihənin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verir ki, verilişin budəfəki qonağı Azərbaycanın Xalq rəssamı, xalçaçılıq sənətinin ən nüfuzlu ustadlarından olan Aydın Rəcəbov olub.
Onun düşüncələri efiri xalçanın sadəcə məişət əşyası deyil, xalqın mədəni yaddaşının canlı şahidi kimi təqdim olunan mənəviyyat, tarix və fəlsəfə dərsinə çevirdi.
Aydın Rəcəbov etiraf edib ki, xalça onun üçün təkcə yaradıcılıq təcrübəsi deyil, həm də fəlsəfə, bütöv bir rəmzlər aləmidir.
“Mən əvvəllər düşünürdüm ki, xalça elə bir şeydir ki, onu sərirlər və ya divardan asırlar. Amma məlum oldu ki, xalça müəllifin danışdığı dildir. Xalçanı məişətdə istifadə ilə təhqir etmək olmaz” - deyə ustad vurğulayıb.
A. Rəcəbov xatırladıb ki, xalçalar Azərbaycanın əsl vizit kartı, onun “pasportu”dur və onları rəngkarlıqdan və ya qrafikadan aşağı tutmaq ədalətsizlikdir: xalçaçılıq göründüyündən daha monumental bir incəsənətdir.
Söhbət zamanı xüsusilə mədəni mənimsəmələr mövzusuna diqqət yetirilib.
“Bizim xalçaları Qərb jurnallarında “Qafqaz xalçaları” kimi dərc edirlər, amma Azərbaycan xalçası adını çəkmirlər. Halbuki simvolika, rənglər, naxışlar — bunlar sırf bizə məxsusdur, yalnız bizim mədəniyyətimizə aididir”,- deyə rəssam bildirib.
Aydın Rəcəbov Azərbaycan xalçalarının simvolikasının zənginliyi barədə ətraflı danışıb. Məsələn, 60-dan çox variasiyada rast gəlinən əjdaha obrazı hər zaman şər rəmzi deyil, əksinə, bəzən suyun qoruyucusu və ya müsbət qəhrəman ola bilər.
“Bu, xalq yaradıcılığının dərinliklərinə enən bütöv bir fəlsəfədir”,- deyə ustad vurğulayıb.
Aydın Rəcəbov artıq yarım əsrdən çox ömrünü xalçaya həsr edib. Onun yaradıcılığı ornamental işlərdən Azərbaycan miniatürlərindən, çovqan oyunundan, tarixi obrazlardan ilhamlanan süjetli xalçalara qədər inkişaf yolu keçib.
“Xalça mənim üçün həyatım, ilham mənbəyimdir. Ona nə qədər dərindən nüfuz edirəmsə, bir o qədər xalqımın tarixini və mədəniyyətini kəşf edirəm”, - deyə rəssam sonda bildirib.