Bakı. Trend:
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova Nazirliyin rəsmi səhifəsinə müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Gülnaz xanım, hipertoniya ürəyə necə təsir edir?
- Ümumiyyətlə, uzun müddət hipertoniyanın davam etməsi hədəf orqanlardan ən önəmlisi olan ürəyə mənfi təsirini göstərir və fəsadlar törətməyə başlayır. Yüksək təzyiqə qarşı ürək əvvəlcə qalınlaşaraq özünü qorumağa çalışır. Amma zamanla bu dəyişikliklər ürəyin sərtləşməsinə, qanla dolmasının çətinləşməsinə və nəticədə oksigen çatışmazlığına səbəb olur. Daha ağır mərhələdə isə ürək zəifləyir və ürək çatışmazlığı inkişaf edir. Bundan əlavə, hipertoniya damarların daxili təbəqəsini zədələyərək, aterosklerozu sürətləndirir, bu da infarkt riskini artırır. Bu baxımdan bizim üçün hipertoniyanın profilaktikasını diqqət mərkəzində saxlamaq fəsadların qarşısının alınması üçün çox önəmlidir. Çünki pasiyentlərin doğru şəkildə maarifləndirilməsi, həyat tərzinin və lazım olduğu təqdirdə, dərman müalicəsinin aparılması nəzərəçarpacaq dərəcədə bu məqsədə nail olmağa imkan verir.
Maarifləndirmə tədbirlərinin rolu da mühümdür, çünki insanlar fəsadlardan xəbərdar olduqca, öz səhhətlərinə daha çox diqqət etməyə başlayırlar.
- Ürəyin işemik xəstəliyi barədə məlumat verərdiniz…
- Ürəyin işemik xəstəliyi ürəyi qidalandıran damarların
daralması nəticəsində ürəyin kifayət qədər oksigen almamasıdır.
Əsas səbəb ateroskleroz, yəni damarların içində yağlı yığıntıların
(plakların) əmələ gəlməsidir.
Xəstəlik özünü müxtəlif formalarda göstərə bilər. Məsələn, stabil
stenokardiya fiziki və ya emosional yüklənmə zamanı sinə ağrısı ilə
özünü göstərir. Xəstəliyin daha bir forması qeyri-stabil
stenokardiyadır. Bu zaman istirahət edərkən də ağrılar müşahidə
olunur.
Bu xəstəliklər arasında ən çox fəsadlara səbəb olanı miokard
infarktıdır. O, damarın qəfil tutulması nəticəsində ürək əzələsinin
bir hissəsinin nekrozu, yəni toxumanın ölümü və daha sonra çapıq
toxumasının yaranması ilə özünü göstərir.
Eyni zamanda, bəzi pasiyentlərdə damarlar tam tutulmasa da, işemiya
və ya infarkt ola bilər.
- Hamiləlik zamanı ürəyə əlavə yük düşürmü?
- Bəli, çünki qadının bədənində bir sıra dəyişikliklər baş verir
və ürək daha çox işləməli olur. Məsələn, hamiləlik zamanı bədənin
qan həcmi təxminən yarıya qədər artır. Bu, həm dölün, həm də ananın
orqanizminin ehtiyaclarını qarşılamaq üçündür. Qan artdıqca ürək də
daha çox qan pompalamalı olur. Ürəyin döyüntü sayı da artır –
normaldan təxminən 10–20 dəfə daha sürətli döyünə bilər. Hər
döyüntüdə ürək daha çox qan ötürür. Buna görə də xüsusilə ikinci və
üçüncü trimestrlərdə onun yükü daha çox olur.
Həmçinin, hormonal dəyişikliklər baş verir. Məsələn, progesteron
damarları genişləndirir, təzyiq bir az enə bilir. Bu da ürəyin
işini dəyişdirir. Uşaqlıq böyüdükcə diafraqmı sıxır, ürəyin mövqeyi
bir az dəyişir, bu da əlavə təsir göstərir.
Sağlam qadınlarda bu dəyişikliklər normal sayılır və doğuşdan sonra
ürək öz əvvəlki vəziyyətinə qayıdır. Lakin ürək xəstəliyi, məsələn
ürək çatışmazlığı, qapaq problemi və ya ritm pozğunluğu olan
xanımlara hamiləlik ürəyə ciddi yük salır və ağırlaşmalar müşhidə
oluna bilər. Ona görə də, ürək problemi olan qadınların
hamiləlikdən əvvəl və hamiləlik boyu həm ginekoloq, həm də
kardioloq nəzarətində olması olduqca vacibdir.
- Ürək qapaq xəstəlikləri hansılardır?
- Ürək qapaq xəstəlikləri dedikdə, ürəyin içindəki qapaqların
normal işləməməsi nəzərdə tutulur. Bildiyimiz kimi, ürəyin dörd
qapağı var – mitral, aortal, triküspid və pulmonar. Onların əsas
vəzifəsi odur ki, qan bir istiqamətdə hərəkət etsin və geri
qayıtmasın. Bu qapaqlardan biri ya tam açılmır, ya da tam
bağlanmır. Elə bu zaman problem yaranır.
Qapaq problemləri iki halda təzahür edir. Birinci vəziyyət, darlıq
və stenoz. Bu zaman qapaq kifayət qədər açıla bilmir, qan ürəkdən
keçməkdə çətinlik çəkir. Məsələn, aortal stenozda ürək qanın
bədəndə dövr etməsi üçün daha çox güc sərf etməli olur. İkinci
vəziyyət, requrqitasiya, yəni qapaq çatışmazlığı. Bu zaman qapaq
tam bağlanmır və geriyə doğru axır. Bu da ürəyin daha çox
işləməsinə səbəb olur, çünki eyni qanı dəfələrlə pompalamalı
olur.
Nəticədə ürək getdikcə böyüyə, divarları qalınlaşa və zəifləyə
bilər. Pasiyentlərdə təngnəfəslik, yorğunluq, ürəkdöyünmə,
ayaqlarda şişkinlik, bəzən də sinədə ağrı kimi əlamətlər
yaranır.
Müalicə üsullarına gəldikcə, yüngül hallarda yalnız dərmanlarla
ürəyin yükünü azaltmaq mümkündür. Ağır hallarda isə artıq cərrahi
müdaxilə (qapağın təmiri və ya süni qapaqla əvəz edilməsi) lazım
olur.
- Damar tıxanıqlığı nə zaman baş verir?
- Ürək damarlarının tıxanmasının əsas səbəbi ateroskleroz
adlanan vəziyyətdir. Damar divarında yağlar və ya piylər toplanır,
“plak” yaranır. Bu, həm damarı daraldır, həm də qopub tromb əmələ
gətirə bilər. Risk faktorları arasında hipertoniya, yüksək
xolesterin, şəkərli diabet, tütünçəkmə, artıq çəki və stress
vəziyyət aiddir.
Bunları aradan qaldırmaq və ya nəzarətdə saxlamaq şərtdir. Zəruri
şəkildə profilaktik və maarifləndirici tədbirlər aparmaq lazımdır
ki, insanlar bu risk amillərinin fəsadları haqqında məlumatlı
olsunlar.
Bununla bağlı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən lipid məktəbinin yaradılması nəzərdə tutulub və artıq bu istiqamətdə tədbirlərin keçirilməsinə start verilib.
- Genetik amillər ürəyə təsir edirmi?
- Genetik amillər ürəyə ciddi təsir göstərə bilər. Bizim ürək
sağlamlığımız təkcə həyat tərzimizdən (qidalanma, fiziki aktivlik
və ya stres) asılı deyil, eyni zamanda valideynlərdən bizə keçən
genlər də burada mühüm rol oynayır. Bəzən insanlar sağlam
qidalanır, idmanla məşğul olur, lakin buna baxmayaraq, ürək
problemləri ilə üzləşirlər. Bunun səbəbi məhz genetik meyillik ola
bilər.
Məsələn, ailədə erkən yaşda ürək xəstəliyi keçirənlər çoxdursa, bu
artıq bir siqnaldır ki, insanın özü də risk altında ola bilər.
Genetik təsirlər arasında “Ailəvi hiperxolesterinemiya” deyilən bir
vəziyyət var. Burada irsi səbəbdən xolesterin həmişə yüksək olur və
bu, erkən yaşdan damarların tutulmasına gətirib çıxarır. Daha bir
nümunə - ritm pozğunluqlarıdır. Bəzi insanlarda ürəyin elektrik
sistemi ilə bağlı genetik problemlər olur və bu, qəfil aritmiyalara
səbəb ola bilər. Bundan əlavə, anadangəlmə ürək qüsurları və ya
aorta genişlənməsi də çox vaxt genetik səbəblərlə bağlıdır.
Ürək xəstəliklərinin böyük qrupunu təşkil edən kardiomiopatiya ürək
əzələsinin quruluşunda olan genetik dəyişikliklərdən qaynaqlanır.
Belə hallarda ürək ya həddindən artıq böyüyür, ya da ürək əzələsi
sərtləşir.
Genetik faktorlar “qaçılmaz” deyil, lakin riskin yüksək olduğunu
bilmək insan üçün çox faydalıdır. Çünki belə insanlar tez-tez
həkimə müraciət etməli, müayinələrdən keçməli və profilaktik
tədbirlərə diqqət yetirməlidirlər.
- Ürək xəstələri qidalanmada nəyə diqqət etməlidirlər?
- Qeyd etmək istərdim ki, qidalanma ürək-damar xəstəliklərinin
inkişaf riskinə və ürəyimizin ümumi sağlamlığına əhəmiyyətli
dərəcədə təsir edə bilər. Ona görə də, ürək xəstələri üçün düzgün
qidalanma olduqca önəmlidir. Düzgün qidalanma ürəyə düşən yükü
azaldır, damarların sağlam qalmasına kömək edir və təzyiqi,
xolesterini normada saxlamağa yardım edir.
Qeyd etmək istəyirəm ki, həddindən artıq duz istehlakı təzyiqi
qaldırır və ürəyə əlavə yük salır. Ona görə də, yeməyi həddindən
artıq duzlu etmək tövsiyə olunmur.
Həmçinin, yemək bişirilməsində yağların seçiminə diqqət etmək
vacibdir. Heyvani yağlar (quzu, qoyun piyi, kərə yağı) damarların
daralmasına səbəb ola bilər. Daha çox bitki yağlarına – zeytun,
günəbaxan və ya kətan yağına üstünlük verilməlidir. Qızartmadan çox
bişirmə, sobada hazırlama, buğlama daha faydalıdır.
Həmçinin, balıq və dəniz məhsullarının rasiona daxil olmasının
önəmini vurğulamaq istərdim. Belə ki, həftədə ən azı 1–2 dəfə balıq
yemək tövsiyə olunur, çünki omeqa-3 yağ turşuları ürəyi qoruyur,
damarları elastik saxlayır.
Gündəlik rasionunuz vitamin, lif və minerallarla zəngin tərəvəz və
meyvələrdən ibarət olmalıdır. Lif xolesterini aşağı salır,
bağırsaqları yaxşı işlədərək orqanizmi təmizləyir.
Ağ çörək və şirniyyat yerinə kəpəkli çörək, qarabaşaq, yulaf,
qəhvəyi düyü daha faydalıdır. Bunlar həm toxluq verir, həm də ürəyə
yük salmır. Qırmızı ətin miqdarına diqqət yetirməkdə fayda var. Əti
tam qadağan etmək lazım deyil və daha çox toyuq, hinduşka, balıq
seçmək daha düzgündür.
Şəkər və şirniyyat istehlakına diqqət yetirmək lazımdır, çünki
çoxlu şirniyyat və şəkərli qidalar ürək-damar sisteminə mənfi təsir
edir və artıq çəki yaradır. Ona görə də. şirniyyatı minimuma
endirmək lazımdır.
Həmçinin, maye qəbulunu nəzarət etmək lazımdır. Ürək çatışmazlığı
olan xəstələr bol maye qəbul etdiyi zaman ürəyin yükü artır. Belə
hallarda həkimlə razılaşdırılmış miqdarda maye içmək vacibdir.
Lakin sağlam ürək xəstələri üçün təbii su içmək faydalıdır.
Sonda tövsiyə edərdim ki, daha çox təbii, evdə bişirilmiş,
tərəvəzli yeməklər üstünlük verilsin, çünki qidalanma bir növ
“ürəyin dərmanı”dır. Sağlam qidalanma vasitəsilə həm təzyiq, həm
xolesterin, həm də çəkini nəzarətdə saxlamaq olar.