Bakı. Trend:
İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanları həlledici rol oynamalıdırlar.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda çıxışında bildirib.
Kamran Əliyevin sözlərinə görə, ətraf mühitin mühafizəsi və ekoloji cinayətlərə qarşı mübarizə məsələləri transmilli xarakter daşıyır və birgə səylər tələb edir.
“Azərbaycan davamlı olaraq hüquq-mühafizə orqanlarının iqlim gündəliyinə cəlb olunması mövzusunu beynəlxalq səviyyəyə çıxarır. Xüsusilə, COP29 çərçivəsində Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və BƏƏ Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda yüksək səviyyəli sessiya təşkil olunub və sessiyanın yekununda Bakı Fəaliyyətə Çağırış Bəyannaməsi qəbul olunub”,- deyə Baş prokuror bildirib.
O vurğulayıb ki, Bakıda başlanan birgə səylər bu gün də davam edir və yaxın gələcəkdə Azərbaycan COP30 çərçivəsində Braziliyada keçiriləcək tədbirdə öz təcrübəsini bölüşəcək.