Bakı. Trend:
Parisdə Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-musiqili məclis keçirilib.
Ədəbi məclisdə fransız ədəbiyyatı və intellektual dairələrinin nümayəndələri, şair və yazıçılar, habelə jurnalislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Leyla Abdullayeva XIX əsr tanınmış Azərbaycan şairəsi, sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natavan haqqında danışaraq, dövrünün aparıcı qadın siması olan xan qızının zəngin yaradıcılığı, Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafına verdiyi töhfəsi, habelə onun xeyriyyəçilik fəaliyyəti barədə iştirakçılara məlumat verib. Məclisdə fransız nümayəndələri, Marsel Dramatik İncəsənət Konservatoriyası məzunu və klassik vokal sahəsində təhsil almış Alain Tremoliers, “Rives Méditerranéenes” mədəniyyət təşkilatının prezidenti, altı şeir toplusunun müəllifi şairə Fatima Chbibane, habelə ədəbiyyat nəzəriyyəsi üzrə təhsil almış və hazırda Strasburq Universitetinin Yaxın Şərq və Aralıq dənizi ətrafı ölkələri üzrə regionşünaslıq fakültəsinin tələbəsi, ədəbi əsərlərin tərcüməçisi Sitarə Quliyeva Natəvanın bədii yaradıcılığından bəhs edib və şairənin qəzəllərini Azərbaycan və fransız dillərində səsləndiriblər.
Qəzəllərin təqdimatı Azərbaycan milli musiqisi və muğamı ilə müşayiət edilib. Musiqi alətlərimiz tar və kamançada Azərbaycan Milli Konservatoriyasının İnstrumental ifaçılıq kafedrasının baş müəllimi, tarzən Elçin Nağıyev və Qarabağ Universitetinin incəsənət fakültəsinin dosenti, xalq artisti və kamança ustası Elşən Mansurov ifa ediblər.
Muğamın ahəngi ilə qəzəllərin poetik dərinliyinin vəhdəti milli mədəniyyətimizin zənginliyini nümayiş etdirməklə yanaşı, dinləyicilərin könlünü oxşayıb.
Natavan poeziya məclisinin iştirakçıları tədbirin sonunda görkəmli şairənin Parisdəki Mədəniyyət Mərkəzinin bağında ucaldılan heykəli önündə xatirə şəkli çəkdiriblər.