Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, regionun ən böyük innovasiya tədbiri – “İNMerge” sammitinə platin sponsor qismində dəstək göstərir.
"PASHA Holding"in təşkilatçılığı ilə 29–30 sentyabr 2025-ci ildə Bakı Konqres Mərkəzində keçirilən sammitin məqsədi startaplarla investorları bir araya gətirərək səmərəli əməkdaşlıq üçün platforma yaratmaq, ekosistem iştirakçıları arasında ideya və təcrübə mübadiləsini təşviq etməkdir. Tədbirdə fintex, telekommunikasiya, e-ticarət və digər sahələrdən olan qlobal liderlər və innovatorlar görüşüb. Sammit iştirakçılar üçün beynəlxalq tərəfdaşlıqlar qurmaq və regionun innovasiya gündəmini formalaşdıran simalarla ünsiyyət imkanı yaradan strateji şəbəkələşmə mərkəzinə çevrilib.
Bu il “PAŞA Bank” sammit çərçivəsində “Məsuliyyətli bankçılıq”
mövzusuna həsr olunmuş vertikala ev sahibliyi edir. Burada
məsuliyyət bank sektorunda sadəcə bir standart və ya meyl kimi
deyil — bütövlüyün, etibarın və uzunmüddətli dəyər yaratmağın
ayrılmaz tələbi kimi təqdim olunur. Sessiyalarda biznesin cəmiyyətə
verə biləcəyi real fayda, dayanıqlı maliyyə ekosisteminin
qurulmasında innovasiyanın rolu və qlobal transformasiyaların
regiona təsiri müzakirə olunur.
Tədbirin diqqətçəkən məqamlarından biri isə “PAŞA Bank” stendində təqdim olunan interaktiv “CX Hero Challenge” oyunudur. Məsuliyyətli bank olaraq innovasiyanın müştəri mərkəzli mahiyyətini vurğulayan “PAŞA Bank” bu oyun vasitəsilə iştirakçılara müxtəlif biznes personalarının baxış bucağından bank xidmətlərini sınaqdan keçirmək, xal toplamaq və rəqəmsal həllərin üstünlüklərindən yararlanmaq imkanı təqdim edir. Bu yanaşma Bankın müştəri təcrübəsinə verdiyi strateji önəmi, rəqəmsal innovasiyalara sadiqliyini və dayanıqlı inkişaf prinsiplərinə bağlılığını nümayiş etdirir.
“PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev vertikalın
açılışı zamanı bildirib ki, Bankın “INMerge” sammitində iştirakı
həm regionda məsuliyyətli bankçılıq və innovasiya standartlarını
yüksəldir, həm də bankın müştəri yönümlü, texnoloji və strateji
liderliyini bir daha təsdiqləyir.
"Bizim əsas məqsədimiz yalnız bank xidmətləri göstərmək deyil, həm
də müştərilərimizin ehtiyaclarını ön planda saxlayaraq innovativ və
məsuliyyətli bankçılıq praktikalarını inkişaf etdirməkdir. INMerge
sammitində iştirakımız və “CX Hero Challenge” adlı oyun vasitəsilə
təqdim etdiyimiz interaktiv təcrübə, bu yanaşmamızın canlı
nümunəsidir," – deyə, Cavid Quliyev bildirib.
Məsuliyyətli bankçılıq yanaşması maliyyə institutlarının yalnız
iqtisadi deyil, eyni zamanda sosial və ekoloji sahələrdə də
dayanıqlı təsir göstərməsini nəzərdə tutur. Bu konsepsiya şəffaf
qərarverməni, ətraf mühitə qayğını, cəmiyyət üçün fayda yaratmağı
və uzunmüddətli dəyərin qorunmasını əsas götürür. Etibarlı maliyyə
tərəfdaşı kimi “PAŞA Bank” korporativ sektorda məsuliyyətli
bankçılığın inkişafına dəstək verməkdə və Azərbaycanın
iqtisadiyyatının dayanıqlı inkişafına töhfə göstərməkdə
qətiyyətlidir.