Bakı. Trend:
Təbii ehtiyatlar baxımından zəngin olan Azərbaycan, yalnız milli maraqları deyil, həm də regionun ehtiyaclarını nəzərə alaraq, bərpa olunan enerji sahəsində liderliyini göstərir.
Bunu Trend-ə açıqlamada BMT Baş Assambleyasının 77-i sessiyasının prezidenti Çabu Körösi bildirib.
Onun sözlərinə görə, xüsusilə Azərbaycan tərəfindən tətbiq olunan inteqrativ yanaşma diqqət çəkir - bu yanaşma enerji istehsalını, onun “yaşıl”laşdırılmasını, saxlanmasını, paylanmasını və tələbin idarə edilməsini əhatə edir.
Körösi qeyd edib ki, bu, dünyanın bir çox ölkəsi üçün nümunə ola bilər.
“Çoxsaylı çətinliklərə, gözləntilərə və nəticəyə marağı az olan iştirakçıların fəaliyyətinə baxmayaraq, COP29 çox təsirli nəticələr əldə etdi. Bizim əlimizdə perspektivli nəticələr çoxdur, lakin onların reallaşdırılması hələ də böyük ölçüdə həllini tapmayıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi əldə edilmiş razılaşmaların icrasına olan təkanın qorunması, götürülmüş öhdəliklərin xatırladılması və praktiki tədbirlərin beynəlxalq arenada stimullaşdırılması baxımından son dərəcə vacibdir.