...

Marneulidəki Azərbaycan Evində Anım Günü tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2025 12:52 (UTC +04:00)
Marneulidəki Azərbaycan Evində Anım Günü tədbiri keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar “Azərbaycan Evi”ndə “Zəfərə Gedən Yol” adlı tədbir və eyni adlı qısa tamaşa nümayiş etdirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi hacı Etibar Eminov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məhəmməd Şamilov, Marneuli Bələdiyyə məclisinin sədr müavini Tariyel Məmmədov eləcədə Marneuli meriyasının və bələdiyyə məclisinin struktur bölmələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, gənclər, din xadimləri, 44 günlük Vətən müharibəsində Gürcüstan əsilli şəhidlərin ailə üzvləri və ziyalılar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğurunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək 1990-cı illərdən davam edən Azərbaycan-Ermənistan münaqişəsi haqqında məlumat verib, tarixi torpaqlarımızın qısa müddət ərzində işğaldan azad edildiyini bildirib.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanda yaşayan azərbaycanlıların müharibə dövründə və ondan sonrakı müddətdə Azərbaycana mənəvi dəstək göstərdiklərini, Marneulidə, eləcə də Gürcüstanın digər bölgələrində keçirilən aksiyalarda Azərbaycanla həmrəylik nümayiş etdirdiklərini qeyd edib.

Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə uzun illər işğal altında olan torpaqların azad olunmasını böyük tarixi nailiyyət adlandırıb və Ağ Evdə baş tutan tədbirin bu zəfərin təntənəsinə çevrildiyini bildirib.

Tədbirdə iştirak edən şəhid Orxan Məhərrəmovun nənəsi Nazan Məhərrəmova və şəhid Bilal Qənbərovun bibisi Qiyafət Qənbərova da çıxış edərək şəhidlərin əziz xatirəsinin unudulmadığını və daim hörmətlə anıldığını bildiriblər.

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məhəmməd Şamilov şəhid ailələrinə göstərilən diqqət və qayğının dinimizin və milli-mənəvi dəyərlərimizin ayrılmaz bir hissəsi olduğunu xüsusi qeyd etdilər.

Tədbirin davamında ictimai-siyasi xadimlər — Azər Süleymanov, Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov və digər çıxışçılar söz alaraq, 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazıldığını vurğulayıblar.

Tədbirin ikinci hissəsində Gürcüstandakı Azərbaycandilli Məktəblər Birliyinin rəhbəri Esmira Ələkbərlinin müəllifi olduğu “Zəfərə gedən yol” adlı qısametrajlı tamaşa nümayiş etdirilib. Tamaşa Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, xalqın birliyi və şəhidlərin fədakarlığı mövzusunda həsr olunub. Məktəblilərin ifasında təqdim olunan səhnə əsəri tamaşaçılara duyğulu anlar yaşadıb və alqışlarla qarşılanıb.

Tamaşada rol alan məktəblilər “Azərbaycan Evi” tərəfindən təşəkkürnamələrlə təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti