Bakı. Trend:
Enerji keçidi, bərpa olunan enerji mənbələrinin inkişafı və nəqliyyat sektorunda emissiyaların azaldılması qlobal iqlim gündəliyinin əsas istiqamətləridir.
Bunu Trend-ə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Bakı İqlim Fəaliyyəti Həftəsi 2025” konfransı çərçivəsində verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, sentyabrın 24-də Nyu-Yorkda BMT-nin Baş Katibi tərəfindən iqlim məsələlərinə dair yüksək səviyyəli sammit keçirilib və həmin sammitdə ölkələrdən “super iddialı” milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) təqdim edilməsi tələb olunub.
“Baş katib xüsusilə vurğulayıb ki, dövlətlər enerji keçidinə və bərpa olunan enerji mənbələrinin inkişafına diqqət yetirməlidirlər. Biz həmçinin meşələrin kəsilməsini dayandırmalı, istixana qazlarının emissiyalarını əhəmiyyətli dərəcədə azaltmalı və yüksək çirklənmə səviyyəsi olan sahələrdə - məsələn, nəqliyyat və sement sənayesində- aşağı karbon texnologiyalarını tətbiq etməliyik”,- deyə Andreeva qeyd edib.
O bunların bu gün dünya ictimaiyyətinin qarşısında duran prioritetlərdən olduğunu vurğulayıb.